Qərb Ermənistan Baş nazir Nikol Paşinyanın bundan sonra maksimum iki il hakimiyyətdə qalmasını istəyir.
Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Davit Ananyan deyib.
“ABŞ Dövlət Departamenti və “Freedom” House hüquq müdafiə təşkilatının tənqidi onu deməyə əsas verir ki, Qərb uzunmüddətli perspektivdə Paşinyan hökumətini etibarlı hesab etmir. Qərb açıq şəkildə bildirdi ki, indiki komanda 2026-cı ilə, növbəti parlament seçkilərinə qədər hakimiyyətdə qala bilər.
Qərb bununla da bəyan edir ki, Ermənistanda hakimiyyət dəyişikliyinə qarşı deyil, amma indiki iqtidarı əvəzləyə biləcək demokratik dəyərləri rəhbər tutan bir lider də görmür. Qərb küçə etirazları ilə hakimiyyət dəyişikliyinə qarşı çıxır, bunun seçki yolu ilə olmasını istəyir. Amma Qərb hakimiyyət dəyişikliyini sivil şəkildə həyata keçirə biləcək gücü görmür. Əgər bunu görsə, hakimiyyəti çox tez növbədənkənar seçkilər təşkil etməyə məcbur edəcək”, - ekspert bildirib.
Ananyan Qərbin Paşinyanı əvəzləməsini istədiyi namizədlərin adlarını çəkməsə də, erməni mediasında uzun müddətdir iki nəfərin adı hallandırılır: parlamentin sədri Alen Simonyan və Milli Təhlükəsizlik Şurasının sədri Armen Qriqoryan. Xarici işlər naziri Ararat Mirzoyanın adını çəkənlər də var.