Moldova Korrupsiyaya qarşı Mübarizə İdarəsi Qaqauziya Muxtariyyətinin rəhbəri Yevgeniya Qutsulu Rusiyadan pul almaqda və qadağan olunmuş rusiyayönlü “Şor” Partiyasına köçürməkdə ittiham edib.
Teleqraf.com xəbər verir ki, açıqlamada ibtidai istintaqın yekunlaşdığı, işin məhkəməyə göndərildiyi bildirilib.
İstintaq məlumatına görə, 2019-2022-ci illər arasında “Şor” Partiyasının katibi olan Qutsul mütəmadi olaraq mütəşəkkil cinayətkar qruplaşmadan aldığı pulları Rusiyadan Moldovaya gətirib. Bundan əlavə, partiyanın ofislərinin fəaliyyətini koordinasiya edərək, 2022-ci ilin payızında Kişinyovdakı etiraz aksiyalarının iştirakçılarının mükafat siyahılarının yoxlanılmasına cavabdeh olub. Qurum Qutsulu partiyanın fəaliyyətini maliyyələşdirmək üçün mütəşəkkil cinayətkar qrupdan ümumilikdə 42.5 milyon ley (2.2 milyon avro) almaqda ittiham edir.
Qaqauziya lideri ilə yanaşı, “Şor” Partiyasının Kişinyovdakı qərargahının rəhbəri də partiyanın fəaliyyətini maliyyələşdirmək üçün bilərəkdən pul almaqda ittiham olunub.
Moldova hökuməti qaqauzların liderinin Moskva ilə əlbir olaraq “separatçılıq”la məşğul olmasında şübhələnir. Qutsul aprelin 5-də Moldovanın Rumıniya ilə birləşəcəyi təqdirdə, dərhal ayrılma prosesinə başlayacağını açıqlamışdı.
Qaqauziya lideri aprelin əvvəlində Rusiyada səfərdə olub. O zaman Moskvadan qayıtdıqdan sonra həbs olunacağı barədə xəbər yayılmışdı.
Yevgeniya Qutsul martda qaqauzların hüquqlarının müdafiə edilməsi üçün Türkiyəyə də müraciət etmişdi.