14 İyul 2016 00:52
633
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yuğ Dövlət Teatrı 28-ci mövsümünə iki yeni tamaşa ilə yekun vurur.

Teatrdan Teleqraf.com-a verilən məlumata görə, bu gün teatrda “Medeya. Sekvensiya 001”, sabah isə “Rindi-Şeyda” tamaşalarının premyerası baş tutacaq.

V.Klimenkonun “Medeya Teatrı” pyesi əsasında hazırlanan “Medeya. Sekvensiya 001” tamaşasının quruluşçu rejissoru və musiqi tərtibatçısı Mikayıl Mikayılov, quruluşçu rəssamı Umay Həsənova, geyim üzrə rəssamı Leyla Əliyevadır.

Apokrifik etiraf janrında hazırlanan tamaşada Yuğ Teatrının sənətçiləri, əməkdar artistlər Sonaxanım Mikayılova və Gülzar Qurbanova çıxış edirlər.

Ömrü boyu Medeyanı oynamaq arzusunda olan yaşlı aktrisa teatrın iş günü olmayan vaxtında, boş teatrda öz arzusunu gerçəkləşdirməyə çalışır. Tamaşa Medeyanı oynamağa cəhd eləyən iki aktrisa arasında olan dialoq üzərində qurulub: biri - uşaqlarını öldürməmişdən öncə, o biri - öldürdükdən sonra.

“Medeya. Sekvensiya 001” – aktyorun zamanla münasibətləri haqqında poetik pritçadır. Mərcan Dədənin “Sufi arzuları” musiqili kompozisiyası əsasında hazırlanan “Rindi-Şeyda” tamaşasının ideya müəllifi və quruluşçu rejissoru teatrın baş rejissoru Gümrah Ömərə məxsusdur.

Janrı səmavi eşq ayini kimi təyin olunan tamaşada Yuğ Teatrının aktyorları Mətanət Abbas, Təranə Ocaqverdiyeva və Amid Qasımov iştirak edir.

Səhnə əsərində Məhəmməd Füzuli, Kamal Abdulla, Ramiz Rövşən, Salam Sarvan, Vaqif Bayatlı Odərin poetik mətnlərindən və ifaçıların öz ədəbi materiallarından istifadə olunub.

Tamaşada 3 aşiq xüsusi məkana daxil olub, onları narahat edən, əzab verən mənəvi-psixoloji komplekslərindən azad olub, yeni mənəvi-psixoloji keyfiyyətlərlə yollarına davam edirlər.

Nərmin


Müəllif: