6 Oktyabr 23:45

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə Yasamal rayon Heydər Əliyev Mərkəzində xalq artisti, teatr və kino aktyoru Nodar Şaşıqoğlunun 90 illik yubileyi ilə əlaqədar tədbir keçirilib.

Teleqraf.com-un məlumatına görə, tədbirdə xalq artistləri Məbud Məhərrəmov, Səfa Mirzəhəsənov, Aleksandr Şarovski, əməkdar artist Fuad Osmanov, Baş İdarənin əməkdaşları Pərvanə Muradzadə, Tomris Hacıyeva, Azərbaycan Respublikasının Bilik Fondunun məsləhətçisi Ramilə Qurbanlı və digər qonaqlar iştirak ediblər.

Tədbir görkəmli aktyordan bəhs edən videoçarxın nümayişi ilə başlayıb.

Teatr və kino aktyorları, sənətkarla bir səhnəni paylaşmış tərəf müqabilləri tədbirdə onun həyat və yaradıcılığı, peşəkarlığı haqqında söz açıb və öz xatirlərini bölüşüblər. Jurnalist-publisist R.Qurbanlı böyük sənətkarın milli kinomuzda buraxdığı əbədi izdən və onunla olan müsahibələrindən ətraflı danışıb.

Sonda söz musiqiyə verilib, Nodar Şaşıqoğlunun çəkildiyi, Tofiq Quliyevin bəstələdiyi “Telefonçu qız ” filmindən “Bakı” mahnısı səsləndirilib.

Nodar Şaşıqoğlu yaradıcılıq fəaliyyətinə başlayandan tamaşaçı kütləsinin diqqətini çəkmiş, həm teatrda, həm də kinoda yaratdığı qəhrəmanlar bu gün də xalq tərəfindən sevə-sevə yada salınır. Ona böyük şöhrət gətirən isə “Uzaq sahillərdə” filmindəki Mixaylo - Mehdi Hüseynzadə obrazı olub. Onun oynadığı rollar zəngin ifadə vasitələri, təbii reallığı ilə səhnəmizin nadir inciləri sırasında durur.


Müəllif: Teleqraf.com