25 May 2016 17:47
638
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün xalq artisti Ramiz Novruzun 61 yaşı tamam olur. Ramiz Novruz ad günü təəssüratlarını Teleqraf.com-a bölüşüb.

Müsahibəni təqdim edirik.

- Ramiz müəllim, bu gün ad gününüzdür. Ad gününüzü necə qeyd edəcəksiniz?
- Ad günlərimi adətən, ailə üzvlərimlə qeyd edirəm. Bu gün də ad günümü ailəmlə qeyd edəcəm. Əslində ad günümü ailəmlə qeyd etməyi sevirəm. Axşam saat 12-də nəvələrim mənə tort sürpriz etdilər. Belə ki, ilk təbrik nəvələrimdən gəldi. Bu mənə çox xoş oldu və sevindirdi.

- Bəs həyat yoldaşınızın, övladlarınızın sürprizi nə oldu?
- Həyat yoldaşım və övladlarım da axşam nəvələrimlə birlikdə kütləvi şəkildə təbrik etdilər. Amma baş rolda nəvələrim idi. Bu gün axşam inşallah, ya evdə qeyd edəcəyik, ya da restorana gedəcəyik. Hələ ki, harda qeyd edəcəyimiz dəqiq planlaşdırılmayıb.

- Yəqin ki, iş başında qeyd etdiyini ad günləriniz də olub...
- Bəli, çox olub. Bir dəfə “Dirilən adam” tamaşasında oynayırdım. Tamaşa mayın 25-nə - ad günümə düşmüşdü. Adətən, ad günlərim tamaşa olan günə düşürdü. Amma son on ildə iş başında olmamışam. Bir dəfə də özüm ad günüm üçün “Xanuma” tamaşasını repertuara saldırmışam və tamaşaya xanımımla getmişəm.

- Unuda bilmədiyiniz ad gününüz olub?
- Bir dəfə mayın 24-də mərhum prezidentimiz Heydər Əliyev fəxri adları bərpa etmək üçün teatra gəlmişdi. Mayın 24-də axşam fərman çıxdı ki, Xalq artisti adına layiq görüldüm. Heydər Əliyevin “Hara gedir bu dünya?” tamaşası çox xoşuna gəlmişdi. Hətta ulu öndərimizin önündə çıxış edərkən demişdim ki, “Siz gözəl hədiyyələr etməyi çox yaxşı bacarırsınız. Məni ad günümdə belə bir fəxri adı layiq gördünüz. Çox sağ olun”. Düzdür, Heydər Əliyev mənim ad günüm olduğunu bilmirdi. O gün mənim üçün ən yaddaqalan ad günlərindən biri olmuşdu. Bir dəfə də “General Həzi Aslanov” filminin Moskvada premyerası ad günümə təsadüf etmişdi. Moskvada ad günüm qeyd etmişdim. Mən uzun illər ad günümü heç kimə demirdim, gizlədirdim. Yeni-yeni qeyd etməyə başlamışam.

- Niyə?
- Çünki çox diqqət mərkəzində olmağı xoşlamırdım. Özüm tək qeyd edirdim. Ad günüm olduğunu yalnız ailəm bilirdi.

- Ramiz müəllim, bəzi insanlar ad günü olan zaman kövrək olur, bəziləri isə sevincli... Siz hansı hissləri keçirirsiniz?
- Deyirlər ki, yaşın üstünə yaş gəlir, insan qocalır. Amma mən hər yaşda sevinirəm. Çünki qocalmaq təbiətin işidir, ömürdür, gedir. Amma mənim üçün vacib olan həyatda köhnəlməməkdir. Qocala bilərsən, amma köhnəlməyəsən, həmişə diqqət mərkəzində olasan. Eləcə də televiziyalar, rejissorlar həmişə səni axtarsınlar. Yəni ki, hər zaman tələb olunan insan olasan. Mən həmişə böyük aktyorumuz Ağasadıq Gəraybəylini misal çəkirəm. O yeganə aktyor idi ki, (teatrda və kino sahəsində çalışırdı) 96-97 yaşına qədər heç vaxt köhnəlmədi. Mənim üçün yaşlanmaq deyil, köhnəlmək qorxuludur.

- Sənət yoldaşlarınızdan ilk təbrik edən kim oldu?
- Səhər kanalda qonaq idim. Orada təbrik etdilər. Eləcə də sənət dostlarımdan çox zəng edənlər oldu. İlk təbrik edən isə Rövşən Kərimduxt oldu. Eləcə də Münəvvər Əliyeva, Bəsti Cəfərova və başqa həmkarlarım təbrik etdilər.

- Hazırda teatrda vəziyyət necədir?
- Normaldır. İşlər gedir. Bilirsiniz ki, Azər Paşa Nemətov Akademik Milli Dövlət Dram Teatrının bədii rəhbəri və direktoru oldu. Dünən “Ölülər” tamaşası təhvil verildi. Mən o tamaşada oynamıram. Digər həmkarlarımız oynayırlar. Maraqlı bir tamaşa alınıb. Mikayıl Mikayılovun “Müfəttiş” əsri üzərində işləyirik. Tamaşanı iyun ayının 25-dək təhvil verməliyik. Rəfael Dadaşovun 70 illiyi qeyd ediləcək. Ona hazırlaşırıq. Onu da deyim ki, “Vicdan haqqı” serialında çəkilməyə başlayacam.

Rəqsanə


Müəllif: