7 Avqust 2014 13:33

Sürücülər və alış-veriş edənlər Ziya Bünyadov prospektində yolun təmirinə mane olurlar

Bunu Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev deyib.

P.Mürsəliyev bildirib ki, bu yol Böyük Şordan "Xutor dairəsi"nə qədər olan 9,2 km məsafəni əhatə edir: "Biz Böyük Şordan Atatürk prospekti ilə kəsişməyə qədər olan hissənin 3 qat asfalt beton örtüyünü vurmuşuq, indi sonuncu aşınma qatının vurulmasına hazırlıq gedir. Lakin sürücülər avtomobillərini gətirib yolun hərəkət hissəsində saxlayırlar. Alış-veriş edənlər inşaat materiallarını və digər materialları yolun hərəkət hissəsinə tökürlər, bəziləri gətirib yük avtomobili ilə orada qum-çınqıl satır".

Onun sözlərinə görə, avtomobillər yolun gedişi ilə gəlişini ayıran zolağın üzərindən keçirlər və ayırıcı zolağı korlayırlar: "Bundan əlavə, Böyük Şordan gələn nəqliyyat vasitələri Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən köməkçi yol ilə getməlidirlər. Ancaq onlar "Çermet körpüsü" tərəfdən Böyük Şor ilə kəsişmədə yerləşən tuneldən əks istiqamətdə gələrək gedişə mane olurlar, Böyük Şor istiqamətində gedən nəqliyyat vasitələri üçün qəza şəraiti yaradırlar".

P.Mürsəliyev bildirib ki, bu səbəbdən orada aşınma qatını vurmaq mümkün deyil. O qeyd edib ki, "Azəryolservis" ASC bildirir ki, yolun hərəkət hissəsində ticarət ilə məşğul olmaq olmaz: "Bu günə qədər biz yolda hərəkəti tam dayandırmadan, yəni yolun bir tərəfində nəqliyyat vasitələrinin hərəkətini saxlamaqla işləri aparmışıq. Ancaq belə davam edərsə, sonuncu xəbərdarlığa əməl olunmasa, Ziya Bünyadov prospektini bağlamaq məcburiyyətində qalacağıq".

/trend/


Müəllif:
Загрузка...