5 Aprel 2016 17:33

“Əgər Prezident atəşkəsə razılaşıbsa, həm cəbhədəki vəziyyətə, həm də gedən diplomatik danışıqlara görə qərar verib. Cəbhədəki vəziyyəti Prezident və müdafiə nazirindən yaxşı bilən yoxdur. Hələlik, nə əldə etmişiksə həmin yerlərdə müdafiə sistemlərini gücləndirmək lazımdır”.

Teleqraf.com xəbər verir ki, bu fikirləri politoloq Elxan Şahinoğlu bildirib.

Onun fikrincə, Ermənistan danışıqlarda öz xoşuna 5 rayonu azad etməsə, atəşkəs yaxın günlərdə yenidən pozulacaq və ordumuz bir az daha irəliləyəcək.

Politoloq hesab edir ki, Ermənistan Prezidenti Serj Sərkisyanın ölkə daxilində mövqeləri zəifləyib: “O, həm 22 ildir işğal altında saxladığı torpaqların bir hissəsini itirdi, həm də canlı qüvvə və texnikası azaldı. Ermənistan kasıb və əhalisi azalan dövlətdir. Bu itkilərin yerini doldurmaq, hərbə kasıb büdcədən pul xərcləmək, eyni zamanda vətəndaşlara övladlarının itkisini başa salmaq çətindir. Ən azı İrəvandakı əsgər anaları “Sən qarabağlısan deyə, bizim övladları Ermənistandan kənarda ölümə göndərməlisən” şüarı ilə Sərkisyanın başını xarab edəcəklər. Digər tərəfdən Ermənistandakı müxtəlif siyasi qruplar bir müddət sonra məğlubiyyətin və itkilərin hesabını Sərkisyandan soruşacaqlar.

Onlara elə bu cür fürsət lazım idi. Sərkisyanın iki yolu var: Ya müvəqqəti atəşkəsdən sonra Qarabağda itirdiyi mövqeləri yenidən geri almağa çalışacaq, ancaq bu uzunmüddətli müharibə ilə yanaşı Ermənistanın itkilərinin artması demək olacaq, ya da itirdikləri ilə barışaraq, üstəgəl “münaqişənin” həlliylə bağlı “mərhələli həll” planına yaşıl işıq yandıracaq. Ancaq bu yollardan hər hansı birinin seçimi Sərkisyanın siyasi karyerasının sonunu gətirəcək. Bir də ki, Sərkisyan “mərhələli həll” planına razılaşacaqsa, ondan sorumazlarmı, “əgər belə idisə? 1990-cı illərin ortalarında eyni plana razılaşan Ermənistanın qanuni prezidenti Levon Ter-Petrosyanı niyə devirirdiniz?”.

Nərgiz


Müəllif:
Загрузка...