1 May 2014 11:09
446

Çempionlar Liqasının hər iki finalçısı ispan klubları oldu.

Çempionlar Liqasının yarımfinal mərhələsinə yekun vurulub.

Günün yeganə oyununda "Çelsi" "Atletiko"nu qəbul edib. "Stamford Bric" stadionunda baş tutan oyunda bir gün əvvəl olduğu kimi ispanlar qalib gəlib. "Atletiko" Joze Mourinyonun başçılıq etdiyi komandanı 3:1 hesabı ilə yenib.

Hesabı 36-cı dəqiqədə ingilislər açıb. Sezar Azpilikuetanın ötürməsini Fernando Torres dəyərləndirərək, 2001-2007-ci illərdə oynadığı komandanı məyus edib. "Atletiko" cəmi 8 dəqiqə sonra bərabərliyi təmin edib. Xuanfranın ötürməsini Adrian Lopes qola çevirib. 60-cı dəqiqədə penaltidən yararlanan Dieqo Kosta ispanları hesabda önə keçirib. Oyunda son nöqtəni isə Arda Turan qoyub. Türkiyə yığmasının üzvü 72-ci dəqiqədə "Çelsi"nin qapısına yol tapıb.

Beləliklə, mayın 24-də Lissabondakı "Estadio da Luz" stadionunda keçiriləcək final matçında İspaniya derbisi baş tutacaq və "Real"la "Atletiko" qalib adı uğrunda mübarizə aparacaq. Bir gün əvvəl finala vəsiqə əldə edən "Real" yarımfinalda iki oyunun nəticəsinə görə Çempionlar Liqasının son qalibi "Bavariya"nı 5:0 hesabı ilə yenib (1:0, 4:0).


Müəllif: