20 May 2014 12:37
2 931
12 Punto 14 Punto 16 Punto 18 Punto

Voleybol üzrə Avropa Çempionatının seçmə mərhələsinin ilkin sifariş ərizəsinə Valeriya Korotenkonun adı salınmışdı. Lakin sonradan məlum olub ki, təcrübəli voleybolçu ilk “12-lik”də yer almayacaq. Elə siyahı tərtib olunarkən onun adının da həmin siyahıda olması idman aləmini təəccübləndirmişdi. Çünki o analıq məzuniyyətində idi.

Məsələnin diqqət çəkən tərəfi odur ki, onun adı siyahıya yanlışlıqla salınmayıb. Teleqraf.com-un əldə etdiyi məlumata görə, bir müddət öncə bərk xəstələnən Valeriya övladını dünyaya gətirmədən itirib. Elə buna görə də, Valeriya Korotenko yığmaya namizədlər siyahısında göstərilib. Ancaq görünür idmançı psixoloji cəhətdən hazır olmadığı üçün onun adı siyahıdan çıxarılıb.

Məsələyə aydınlıq gətirmək üçün Azərbaycan Voleybol Federasiyası mətbuat xidmətinin rəhbəri Şəfəq Kərimova ilə əlaqə saxladıq. Teleqraf.com-a danışan federasiya rəsmisi belə açıqlama verdi:

“Təəssüf ki, şəxsi məsələlər barədə sizə heç nə deyə bilmərəm. Onun yenidən millinin heyətində iştirakı nəzərdə tutulmayıb. Adının siyahıya salınmasına gəldikdə isə, məlumat əldə olunan kimi onun adı siyahıdan çıxarıldı”.

Məlumat üçün bildirək ki, Valeriya Korotenko peşəkar cüdoçu Nicat Məmmədovla 2011-ci ildə ailə həyatı qurub.

Aygün İlqarqızı


Müəllif: