12 Fevral 2018 23:43
780
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Mərkəzi Bank uçot stavkasını 15 faizdən 13 faizədək endirməsi depozit faizlərinin də aşağı düşməsinə səbəb olacaq".

Teleqraf.com xəbər verir ki, bu barədə iqtisadçı Vüqar Bayramov Mərkəzi Bankin İdarə Heyətinin uçot dərəcəsinin 15 faizdən 13 faizə endirilməsi barədə qəbul etdiyi qərara münasibət bildirərkən qeyd edib.

Ekspert hesab edir ki, bundan sonra Əmanətlərin Sığortalanması Fondu da qorunan əmanətlər üzrə faiz dərəcələrini aşağı sala bilər: "Uçot stavkasının azaldılması iqtisad baxımdan kredit faizlərini də aşağı salmalıdır. Təbii ki, bu daha çox Mərkəzi Bankı hansı səviyyədə mərkəzləşdirilmiş kredit bölgüsündən və bankların sağlamlaşdırılması üçün görülən işlərdən asılı olacaq. Son uçot stavkasının aşağı salınmasına baxmayaraq, Azərbaycan Mərkəzi Bankı Tacikistan istisna olunmaqla keçmiş sovet məkanında yenə də ən yüksək dərəcəyə malikdir. Belə ki, uçot stavkası Gürcüstanda 7, Moldovada 8, Rusiyada 9, Qazaxıstanda 10.5, Belarusda 12 faizdir. Deməli, Mərkəzi Bankın 2018-ci ildə yenidən uçot stavkasına baxaraq dərəcəni aşağı salmasına ehtiyac var. Ən əsası Mərkəzi Bank və Maliyyə Bazarlarına Nəzarət Palatası azalan uçot stavkası fonunda kredit faizlərinin də aşağı düşməsinə nail olmağa çalışmalıdırlar".

Qeyd edək ki, bu gün Mərkəzi Bankin İdarə Heyəti uçot dərəcəsinin 15 faizdən 13 faizə endirilməsi barədə qərar qəbul edib.

Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib ki, uçot dərəcəsinə il ərzində yenə baxılacaq: "Uçot dərəcəsinin azaldılmasi istisna deyil".


Müəllif: Ruslan