17 Oktyabr 2017 12:10
1 470
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraq ordusunun və Haşdi Şabi qüvvələrinin qısa müddətə Kərkük şəhərini Şimali İraq Kürd Muxtariyyətinin əlindən alması ortaya yeni sual çıxarıb: Qərb ölkələri kürd lideri Məsud Bərzanini satdımı?

Qeyd edək ki, bu sualın ortaya çıxması təsadüfi deyil. Çünki Bərzaninin müstəqllik referendumunu İsrail açıq müdafiə edib. ABŞ üzdə bu referenduma qarşı çıxsa da, alt qatlarda kürd seçkisinə dəstək verib. Ancaq dünən İraq ordusunun Kərkük istiqamətli addımları Qərbin Bərzanini satması kimi görünür. Əməliyyatdan əvvəl İran İraqla sərhədləri qapadıb. Rəsmi Ankara isə Şimali İraqa hava sərhədlərini bağlayıb. Ayrıca İraq Prezidenti Fuad Məsum Süleymaniyyə şəhərində Məsud Bərzani ilə görüşərək ona baş verəcəklər haqda xəbərdarlıq edib. Qərb ölkələrinin davranışı isə unikal olub.

Artıq Amerika və Almaniya baş verənlərlə səssiz yanaşması ilə diqqət çəkir.

Bəlli olub ki, alman ordusunun Şimali İraq Kürd Muxtariyyətinin hərbi qüvvələri olan peşmərgəyə keçdiyi hərbi təlimləri dayandırıb. 2014-cü ildən bu yana alman ordusunun zabitləri peşmərgəyə İŞİD-lə mübarizədə uğurlu olması üçün hərbi təlimlər keçirdi. İndisə Alman hökuməti Şimali İraqdakı hərbi mütəxəssislərini geri çəkəcək. “Şpigel” xəbər verir ki, alman ordusu peşmərgəyə verdiyi hərbi təlimləri dayandırmaq qərarını verib və qısa müddətə mütəxəssislərini şimali İraqdan çıxaracaq.

ABŞ Prezidenti Donald Tramp isə bəyan edib ki, Ərbil ilə Bağdad arasında yaranan gərginlikdən narahatdır, ancaq Amerika bu məsələdə tərəf tutmayacaq.

Pentaqon isə Kərkükdə müşahidə olunan gərginliklə bağlı tərəfləri vəziyyəti daha qəlizləşdirəcək addımlardan çəkinməyə çağırıb və İraqın ərazi bütövlüyünü dəstəklədiyini elan edib.

BMT-nin Baş katibi Antoniu Qutteriş isə Kərkük prosesindən sonra Bağdad və Ərbili qarşıdurmaların və gərginliyin artmaması üçün koordinasiyalı addımlar atmağa dəvət edib. Baş katibin sözçüsü Stapan Dujarrik bildirib ki, baş katib Kərkükdə baş verənləri yaxından izləyir:

“Baş katib İraq mərkəzi hökumətinə və Şimali İraq Kürd Muxtariyyətinə gərginliyin və qarşıdurmaların artmaması, qanun və sabitliyin pozulmaması üçün koordinasiyalı addımlar atmaq üçün çağırış edib. Baş katib tərəfləri mövcud olan problemləri dialoq və İraq konstitusiyası əsasında həll edilməsinə dəvət edib”.


Müəllif: Cavad