24 Aprel 2014 19:45

Bir "reket"in xatirələri

Doğru-dürüst adam olmadığımı hamı bilir. Bir uşaqlarımdan başqa. Onlardan da böyüyü deyəsən, yavaş-yavaş nəsə anlayır. Əvvəl-axır onsuz da öyrənəcəklər. Amma biləndə ki, ataları bütün bunları onlara görə edib, o zaman mənə qarşı məhəbbətləri daha da artacaq. Hələlik onlar üçün dünyanın ən güclü, ən cəsarətli, savadlı atası və bəlkə də adamıyam. Əslində məndən qorxaq və zəif məxluq yoxdur. Bunu isə heç hiss etdirmirəm. Bizim peşədə özünü qorxaq, bivec göstərdin, evin yıxıldı. Kimdir sənə pul verən?

Arvad da dabbağda gönümə bələd olsa da, özünü o yerə qoymur. Məni sevmək üçün nəsə yaxşı keyfiyyət axtarıb tapır. Bütün namuslu qadınlar belədir. Ərləri ən axmaq adam olsa da belə, onu sevmək üçün, onunla qürrələnməkdən ötrü nəsə axtarıb tapırlar. Məsələn, atamın dayısı qızı kimi. Əri şəhərə qazanc dalınca gedib və çörəkpulundan başqa bir yanı balalı arvad da qazanıb. Bir tərəfdən qınamıram da. İkinci arvad almaqla həm kirayə puluna qənaət edib, həm də bir uşaq da əlavə qabağa düşüb. Bir də şəhərdə axşam evə gələndə də isti yeməyini, çayını və s. verən arvadı var. Bu yaxınlarda bir uşaqları da dünyaya gəlib. Nəyə gətirirdim...? Hə, dayıqızı kişisinin bu hərəkətlərindən qətiyyən incimir. Hətta ərindən söz düşəndə, “onun başına dönüm” deyir. Kiçik uşaqlarının sünnət toyuna günüsü də uşaqları ilə təşrif buyurubmuş. Dayıqızı da ərinin ikinci arvadının toya gəlməsindən nəinki qəzəblənməyib, hətta şəhərdən belə bir əziz qonağın onun qapısını açmasına sevinib. Ərinin ikinci arvadından olan ikinci uşağı da qucağından yerə qoymurmuş. Bax, bizim qadınlar belədir. Vallah, heykəl qoyulmalıdırlar.

Bizim arvad da nümunəvilərdəndir. Nə qədər şəxsiyyətsiz adam olduğumu bilə-bilə, məni sevir, uşaqların yanında ilahiləşdirir, qonşu arvadların qarşısında öyür. Qohum-əqrəba, qonum- qonşu arvadlara qələmi qılıncdan iti jurnalist olduğumu, “JEK” müdirinin məndən it kimi qorxduğunu, uşaqların oxuduğu məktəbin direktorunun məni kabinetdə ayaq üstə qarşıladığını, türmədəykən böyük hörmət qazandığımı necə yağlı-ballı, bəzəyə-bəzəyə danışdığını özüm eşitmişəm. Heç kimin ona inanmadığını, dediklərinin tam əksi olduğumu özü də bilir. Amma arvaddır, neyləyəsən? Əri ilə fəxr etmək, onun təəssübünü çəkmək bizim qadınların anadangəlmə vəzifəsidir. Onları körpəlikdən belə öyrədiblər. Əslində söylədikləri bir vaxtlar olub. Ta qəzetim Mətbuat Şurasının “qara siyahı”sına düşənə kimi. Bağça müdirəsi- köpək qızı məni tutdurmasaydı, iş bu yerə gəlib çıxmayacaqdı. Daha pul almağa tövbəliyəm. Axmaqlıqdır. Çəmini tapmışam: götür yanına 5-6 qısa ətəyli qızları, göndər obyektlərə. Qazanıb gətirsinlər. Mən də razı, onlar da...

Türmədən çıxandan sonra bütün qapılar üzümə bağlandı. İndi nə “JEK” müdiri məndən qorxur, nə uşaqların müəlliməsi çəkinir. Amma direktor sağ olsun. Yaxşı adammış. Uşaqların üzünə heç nə vurmur. Balaca qızın müəlliməsi bir dəfə nəsə altdan-üstdən danışmışdı sinifdə. Mən də 8 mart bayramında valideynin birindən konvert aldığı yerdə telefonla şəklini çəkdim və özünə göstərdim. Ondan sonra qızım onun ən sevimli şagirdinə çevrilib. Hətta müəllimənin pullu hazırlıq qrupuna da pulsuz gəlib gedir...

...Eybi yox. Qoy bir adımı “qara siyahıdan” çıxartdırım. Görün, sizin başınıza nə oyunlar açacağam. Əslində başqa bir qəzet də təsis etmək olar. Amma biləndə ki, bu qəzet mənlikdir, heç kim üzümə qapı açmayacaq. Eh, bir “qara siyahı”dan çıxsaydım, mən bilərdim, neylərdim. Mətbuat Şurasındakı nufuzlu şəxslərdən biri kömək edəcəyinə söz verib. Əslində mən onu özümə ustad sayıram. Bu sənətin incəliklərini ondan öyrənmişəm: vəzifəli şəxsin kabinetinə necə girməyi, telefonla ne cür danışmağı, hədə-qorxu gəlməyi, hansı materiala nə qədər istəməyi, hansı adamın pul verən olduğunu nədən bilməyi. O isə məni yaxşı şagird saymır. Deyir ki, bircə il də qalıb yanımda işləsəydin, başına bu işlər gəlməzdi. Düz də deyir. Onun yanından öyrənməli olduqlarımı həyatda başım qapılardan-qapılara dəyə-dəyə öyrəndim. İndi Allah köməyi olsun, bu ilin sonuna qədər məsələni həll etməlidir. Nə olur-olsun, gələn ilə kimi Mətbuat Şurasından təmizlik kağızını alıb qəzetimi çıxarmağım lazımdır. Növbəti il deputat seçkiləridir. Namizədliyimi də verəcəyəm. Qoy arvad bir az da fəxr eləsin mənimlə.


Müəllif: