6 Avqust 2014 11:19

Sevgilisinin ölümünə görə həbs olunan Əli Həbibli özünü təqsirli bilmədi

Səbail Rayon Məhkəməsində sevgilisini intihar həddinə çatdırmaqda təqsirli bilinən Lənkəran şəhər sakini, 1990-cı il təvəllüdlü Əli Həbiblinin cinayət işi üzrə məhkəmə başlayıb.

İttihama görə, bu il yanvarın 30-da saat 10:30 radələrində Lənkəran şəhərində qeydiyyatda olmaqla müvəqqəti Bakı şəhərində yaşayan Məlakə Bayramlı Səbail rayonu ərazisində üzərinə yandırıcı maddə tökərək özünü yandırıb. Məlakə Bayramlı yanıq xəsarətləri ilə 5 saylı klinik xəstəxanaya yerləşdirilib. Xəstəxanada müayinə olunmasına baxmayaraq Məlakə Bayramlı orada dünyasını dəyişib.

Müəyyən edilib ki, Məlakə Bayramlı bir neçə il qabaq Milli Təhlükəsizlik Nazirliyinin Mühafizə Taborunda müddətli həqiqi hərbi xidmətdə olmuş Əli Həbibli ilə sonuncunun xidmət etdiyi Lənkəran şəhərində tanış olub. Onlar Lənkəran və Bakı şəhərlərində dəfələrlə görüşərək yaxın ünsiyyət saxlayıblar.
Bir müddət sonra onların arasında mübahisə yaranıb. Yaranmış narazılıqla bağlı Məlakə Bayramlı Əli Həbiblinin onu zorlaması barədə Respublika Hərbi Prokurorluğuna ərizə ilə müraciət edib. Həmin xüsusat üzrə aparılmış araşdırmalar zamanı Məlakə Bayramlı ilkin izahatında qeyd olunan faktı təsdiq etsə də, sonrakı ərizələrində Əli Həbibli tərəfindən zorlanmadığını, onunla könüllü cinsi əlaqədə olduğunu, evlənmək məqsədilə artıq nişanlandıqlarını və şikayətindən imtina etdiyini bildirib.

Məlakə Bayramlının zorlanması hadisəsi təsdiqini tapmadığından cinayət-prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilib və qərarın surəti Məlakə Bayramlıya göndərilib. Bununla bağlı həmin qərardan şikayət etmək hüququ ona izah edilib.

Eyni zamanda Məlakə Bayramlının Əli Həbibli və digər hərbi qulluqçuların qanunazidd hərəkətlərinə dair şikayət ərizəsi üzrə toplanmış material xidməti yoxlama aparılması üçün aidiyyəti üzrə Milli Təhlükəsizlik Nazirliyinə göndərilib. Əli Həbibli Məlakə Bayramlı ilə nişanlanaraq bir müddət əlaqələrini davam etdirib, lakin sonradan aralarında yenidən münasibətlər pozulduğuna və sonuncu ilə ailə qurmadığına görə Məlakə Bayramlı bundan hiddətlənərək özünü yandırıb.

Fevralın 3-də Əli Həbibli həmin iş üzrə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilib. Əli Həbiblinin barəsində Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. Məlakə Bayramlı özünü yandıran zaman hamilə olub.

Hakim Elşad Şamayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib. O, elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. Əli Həbibli deyib ki, zərərçəkmişi intihar həddinə çatdırması ilə bağlı hər hansı bir addım atmayıb: “Biz bir yerdə olmuşuq. Sonra münasibətlərimiz alınmayıb və ayrılmışıq”.

Daha sonra prosesdə zərərçəkmiş şəxsin hüquqi varisi ifadə verib. Məhkəmə davam edir.

Hacı Zeynalov


Müəllif:
Загрузка...