19 Avqust 2014 10:30

Məhkəmə prokurorluğun şikayətini təmin etdi

Bakı Apelyasiya Məhkəməsində Dövlət Sərhəd Xidmətinin vəzifəli şəxsinə rüşvət təklif etməkdə ittiham olunan Cəlilabad rayon sakinləri Nurəddin Dövlətov və onun qardaşı oğlu Seyfəddin Dövlətovun məhkəməsi başa çatıb.

Dövlət Sərhəd Xidmətinin İstintaq və təhqiqat idarəsində Faiq Mərdalıyev, Zülfüqar Dövlətov və Əflatun Mərdalıyevin barələrində Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq), 234.1, 234.4.3 (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) və 318.2-ci (Dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ibtidai istintaqı aparılan cinayət işi aparılıb.

Adı çəkilən şəxslər 8 yanvar 2013-cü il tarixdə DSX-nın “Göytəpə” Sərhəd Dəstəsinin Cəlilabad rayonunun Əsədli kəndində yerləşən sərhəd zastavasının xidməti ərazisində 20 kq 150 qr heroin və 5 kq tiryəki şəxsiyyəti istintaqa məlum olmayan İran vətəndaşları ilə qabaqcadan əlbir olub satış məqsədi ilə İrandan Azərbaycan ərazisinə qaçaqmalçılıq yolu ilə keçirmələri ilə bağlı tutulublar.

Nurəddin Dövlətov və onun qardaşı oğlu Seyfəddin Dövlətov cinayət işi üzrə istintaqı aparılan yaxın qohumları olan Zülfüqar Dövlətovun və Əflatun Mərdalıyevin məsuliyyətdən kənarlaşdırılmasından ötrü işin istintaqını aparan şəxsə rüşvət təklif ediblər.

İstintaq aparan şəxs Nurəddin və Seyfəddin Dövlətovların qanunsuz əməlləri barədə DSX-nın rəhbərliyinə məlumat verib və həmin məlumat aidiyyəti üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinə göndərilib. 22 yanvar 2013-cü il tarixdə istintaq-əməliyyat qrupu tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində Nurəddin və Seyfəddin Dövlətovlar DSX-nın inzibati binasında cinayət işinin istintaqını aparan şəxsə 35 min ABŞ dolları məbləğində rüşvət təklif edərkən cinayət başında yaxalanıb.

Baxış zamanı xidməti otaqdan Nurəddin və Seyfəddin Dövlətovların rüşvət olaraq təklif etdikləri 35 min ABŞ dolları aşkar edilərək götürülüb. Hər iki şəxs Cinayət Məcəlləsinin 312.1-ci (rüşvət vermə) maddəsi ilə ittiham edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Seyfəddin Dövlətov 4 il, Nurəddin Dövlətov 2 il müddətinə azadlıqdan məhrum ediliblər. Hökmdən təqsirləndirilən şəxslər apelyasiya şikayəti veriblər. Onlar cəzalarının yüngülləşdirilməsini istəyiblər. Həmçinin, hökmdən Baş Prokurorluq da şikayət verib. Prokurorluq təqsirləndirilən şəxslərin cəzalarının ağırlaşdırılmasını istəyib.

Hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara görə, prokurorluğun şikayəti təmin olunub və məhkəmənin hökmü dəyişdirilib. Məhkəmə Seyfəddin Dövlətova 5 il, Nurəddin Dövlətova 4 il cəza təyin edib. Təqsirləndirilən şəxslərin cəzalarının yüngülləşdirilməsi ilə bağlı şikayətləri təmin edilməyib.

Hacı Zeynalov


Müəllif:
Загрузка...