10 Mart 2015 11:53

Bakı Apelyasiya Məhkəməsində Azərbaycan Beynəlxalq Universitetinin tibb fakültəsinin dekanı olmuş Xudayar Həsənovun apelyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Xudayar Həsənov Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olma ), 311.3.1, 311.3.2, və 311.3.3 (rüşvət alma ) maddələri ilə ittiham edilib. İttihama görə, o, universitetin rektoru və digər məsul şəxslərlə əlbir olub. Onlar TQDK-nın xətti ilə imtahan verərək ali məktəblərə qəbul oluna bilməyən abituriyentlerin valideynlərindən külli miqdarda rüşvət alıblar.

Bunun müqabilində həmin şəxslərin Dağıstan Respublikasının Mahaçqala şəhərində yerləşən Maliyyə və Hüquq İnsitutunda, Dərbənd şəhər S.Stalski adına Açıq Sosial Universitətində və Dərbənd Humanitar İnstitutunda təhsil almaları haqda arayışlar hazırlayıblar.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Xudayar Həsənov 4 il müddətinə azadlıqdan məhrum edilib. Zamində olan Xudayar Həsənov məhkəmə zalından həbs edilib. Hökmdən narazı qalan Xudayar Həsənov apelyasiya şikayəti verib. O, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Hakim Vüqar Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin şikayəti üzrə qərar elan olunub. Qərara görə, Xudayar Həsənovun apelyasiya şikayəti qismən təmin edilib və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib. Xudayar Həsənovun cəzası 2 ilə endirilib.

Hacı Zeynalov


Müəllif: