18 İyul 2014 10:57
1 297

Məşədi İbad demişkən, "Tarixi-Nadir"i yarıya qədər oxumuşam, ancaq bu işdən heç bir şey anlamadım. Bir xeyli vaxtdı futbolu izləyirəm, baxıram, yazıram, ancaq hələ də anlaya bilmirəm, necə olur ki, bir ay ərzində heç bir oyun keçirməyən, axırıncı oyununda isə yenilən bir futbol yığması FİFA-nın reytinq cədvəlində birdən-birə 10 pillə irəliləyir.

İşin içində nəsə başqa bir iş var. Görünür, bu sirri-xudanı anlamaq üçün bizim ağıl və dərrakəmiz hələ yetərincə inkişaf eləməyib.

Ancaq vallah-billah futbol azarkeşləri də, idman ictimaiyyəti də əməlli-başlı narahtlıq keçirirlər. Hamı bir-birindən soruşur, nə məsələdir? Təbii ki, heç kim normal bir açıqlama verə bilmir.

Yadıma gəlir bir neçə müddət bundan əvvəl millimiz FİFA-nın reytinq sıralamasında 83-cü pilləyə yüksəlmişdi. AFFA-da əməlli-başlı bayram keçirirdilər. Gülən kim, oynayan kim...

İndi özünüz təsəvvür eləyin, bu ay açıqlanan cədvəldə 73-cüyük. Və ali futbol qurumundakıları gözünüzün önünə gətirin.

Adam ciddi-ciddi narahat olmasın, neyləsin? Hər şey bir tərəfə, biz nətər oldu bu qədər yüksələ bildik?
Mən öz ağlımca düşünürəm ki, yəqin dünya çempionatı davam elədiyi müddətdə orda iştirak eləyən yığmalardan başqa oyun keçirməyən millilərin hesabına biz bir az irəliləmişik. Ancaq biz də oyun keçirməmişik axı...

Mundialda iştirak eləyənlər geriləyib deyə də irəliləmiş ola bilərik, ancaq bu da çox ağıla batan versiya deyil. Necə ola bilər, dünyanın ən böyük idman olayının iştirakçısı geriləyir, onun əvəzində isə Azərbaycan yığması irəliləyir. Sizin də ağlınıza batmadı, eləmi?

Nə isə, indi birtəhər irəliləyib, gəlib 73-cü pilləyə çıxmışıq. Səbəbi hər nə olursa olsun. Deyir, babam öldü, ya zəlzələdən, ya da vəlvələdən, bunun elə də bir fərqi yoxdu.

Əsas məsələ isə odur ki, futbolumuzdakı bu dinamik inkişafı gözü götürməyən, hər zaman, hər yerdə ali futbol qurumunun rəsmilərinə qara yaxan qüvvələr var ki, onlar bu məsələdən çox narahat olublar.
Hətta bəziləri iddia edirlər ki, bu yüksəliş çox davam etməyəcək. Məsələn, elə sentyabrda Avropa çempionatının seçmə oyunları zamanı kimin kim olduğu bilinəcək. Onda sular təzədən bulanacaq, burulacaq və durulduqdan sonra hər şey aydın olacaq ki, əslində kim harda, hansı komanda hansı mövqedə qərar tutub.

Deyir, şər deməsən, xeyir gəlməz, dilim-ağzım qurusun, birdən işdi olmadı elə, oldu belə, seçmə oyunlardan sonra milli komandamız bir xeyli gerilədi, düşdü adət elədiyimiz yerə. Bax onda yuxarıda bəhs elədiyim dağıdıcı qüvvələr sevinəcəklər. Hələ üstəlik onların o narahatçılığına da son qoyulacaq.
Yox əgər, hər şey qaydasında getsə və komandamız bir az da irəli doğru addımlasa, AFFA rəsmilərinə təklif edirəm ki, elə bu adamların acığına baş məşqçimiz Berti Foqtsla müqaviləni bir az da uzatsınlar.
Berti Foqts demişkən, görəsən, FİFA reytinqində irəliləməyimizin cənab Foqtsla bir əlaqəsi yoxdu ki?
Necə yəni nə dəxli var? Almaniya dünya çempionu olmadı? Oldu. Foqts alman deyil? Almandı. Deməli, ola bilər də. Dəqiqləşdirmək üçün baş məşqçiləri alman olan digər yığmaların da reytinq cədvəlindəki mövqeyinə baxmaq lazımdır.

Hə, bir də unutmadan, təklif edirəm ki, AFFA-nın binasının önünə və rəsmi saytına belə bir banner yerləşdirsinlər.

"Müvəqqəti narahatçılığa görə üzr istəyirik."

Onsuz da sentyabrda hər şey öz yerini alacaq.


Müəllif: Zaur Xudiyev