11 İyul 2015 15:31
557

Elə bilirsiz ölənlər elə bizik? Canlılar? Ya cismimiz ölür, ya canımız? Çox vaxt ikisi də birdən? Yalnız var olanlardı bəyəm ölən? Bəs hələ var olmayanlar? Arzular? Xəyallar? Sevgilər? Ümidlər? Heçmi öldüyünü görmədiniz? O qədər...Yada düşsə, dilə gəlsə, nələr bəlli olar, görün, nələr... Amma və lakin haqqında danışacağım bu ölmüşlərdən deyil.

Ölmüş mövzuların birindən danışmaq istəyirəm, o mövzu ki, həyatımıza necə nüfuz etmişdisə, vaxtilə xalqın dilində lətifə, məzəli əhvalat şəklində də dolaşırdı. Zamanı keçdi, ölüb getdi.

***

60-cı illər Bakısında olmuş əhvalatdı. İtalyan həyəti deyilən evlər vardı, bəzisi indi də qalıb - bütün qapılar ümumi dəhlizə açılar, mətbəxlər dəhlizin bir başında olardı, ümumi ayaqyolular digər başında, ya da həyətin tən ortasında. Həmin həyətin işıqyoxlayanı rus qadın imiş - totuş-motuş yekəpər arvad, həm də çox qəddar. Sayğaclarda əngəl görən kimi protokollaşdırıb akt yazarmış. Deyir - sakinlər o qadından itdən qorxan kimi qorxarmışlar. Bir gün qadın adəti üzrə lapdan qapının ağzında peyda olur. Evin sahibi bu qəfil gəlişdən necə özünü itirirsə, arvadına işarə edib mətbəxə göndərir, qadını da içəri çəkib divara dirəyir, öp ki öpəsən. Müharibədən sonrakı dövr, kişi qıtlığı, rus qadını da, demə, bir az beyindən yüngül olur. Bu öpüşmək prosesi bitənə qədər evin xanımı mətbəxdə başıaşağı sallanan sayğacı çevirib yerinə qoyur. Qapını zəndlə açan xanım işıqyoxlayana bir gəliş gəlir ki gəl görəsən. "Filan-filan-şüdə, sən bilmirsən ki sayğac haradadı? Evin içinə niyə girmisən?" Qadın dili dolaşa-dolaşa yollanır dəhlizin o biri başına. Sayğacı qaydasında görən kimi dəftərində qeydiyyatını aparıb çıxıb gedir. Deyir, o gedən qadın bir də həmin ünvana gəlmir. Bir öpüşün hesabına ailə uzun illər dövlətdən rahatca enerji oğurlayır, başqaları qənaət edəndə bunlar işığı gecə-gündüz yandırır, qızdırıcıları geninə-boluna işlədirmiş. Bax elə bu mövzunu götürək, qəfil öpüşməyi yox ha, sayğac yoxlama prosesini. Baxın hələ, indi kiminsə ağlına gələ bilər ki, sayğaca barmaq eləsin, məmura nömrə gəlsin, işıq oğurlasın, yox, təbii ki, bunun indi heç mümkünatı da yox.

***

Bir də var yeni peyda olan mövzular. Yeni doğulan, amma ölü doğulan mövzular. Məni qınamayın, deməsəm olmur. Beləliklə, hər kəsin dini etiqadına min bir ehtiramla! Namazdı, orucdu, etiqaddı, dini inamdı - hər insanın öz işi, şəxsi seçimidir. Qanunumuz da din və etiqad azadlığını təsbit edir - bu bəlli. Bəlli olan həm də bu ki, biz tolerant ölkəyik - başqa mədəniyyətlərə də, başqa məzhəblərə də hörmətlə yanaşırıq. Amma və lakin sosiallaşma deyilən proses sürətlə şaxələndikcə bu işin də şiti-şoru çıxır. İndi sosial şəbəkələr əsl imsaq-iftar süfrələrinin nümayişinə çevrilməkdə. Dostluğumda biri var - az qala hər gün bir restorandan iftar foto-reportajı sərgiləyir. Gün ərzində nəfsilə mübarizə aparıb da qidalanmayan xanım qaş qaralan kimi çeşid-çeşid təamların düzüldüyü süfrələri bir tirajlayır, gəl görəsən. Sanki orucun məqsədi fərqli və daha bahalı məkanlarda şam eləməkdən ibarətdi. Sanki dini etiqad məhz bu nəticəyə çatmaq üçündü. Belə deyil axı. Allahı sevərsiniz...

Yeni doğulan və ölü doğulan mövzulardan birini də söyləyim, amma məni abartmaqda günahlandırmayın. Vallahi-billahi, bu da bir dəb hayını alıb. Dindarlar arasında yeni trenddi. Qaqaşlar məscidə ibadətə gedib oradan selfi çəkdirirlər. Sonra da selfini müxtəlif sosial şəbəkələrə qoyub yüzlərlə insana göstərirlər. Dinlə spekulyasiya etməyin çox və çox əcaib bir təqdimatı. Deyəcəksiz - sosial şəbəkələr həm informasiya, həm də şəkil paylaşmaq üçündür. Ya bir muzey önündə, dəniz sahilində şəkil çəkdirmək olarsa, məsciddə nədən olmasın? Stop. Məscidə tamaşa üçün, gəzinti kimi getmir axı dindar adam. Məsciddəki proseslər - namaz, dua, tanrıyla birbaşa ünsiyyət, vicdanla söhbət - bunlar çox intim, hər kəsin tək özünə aid məsələlərdi. İmsaq, iftar da o qəbildən. Belə şeyləri tirajlamaq, göstərmək doğru sayılmaz ki. Sosiallaşmaq intim məsələləri tam çılpaqlığı ilə göstərmək demək deyil. Bax bu hal ki var - bu da ölmüş mövzudur, yaranışdan ölü doğulan bir mövzu. Və tarixin arxivində "torpağa gömüləcəyi" bəsbəlli. Ölmüş mövzular qəbiristanlığına növbəti namizəd kimi. Uzaq olmağınız məsləhətdi.


Müəllif: Afaq Vasifqızı