20 Aprel 2022 19:36
1 485
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Kino Agentliyi” publik hüquqi şəxsin yaradılması haqqında Fərman imzalayıb. Fərmanda məqsəd Azərbaycanda kinematoqrafiya sahəsində dövlət siyasətinin həyata keçirilməsinin təkmilləşdirilməsi, Azərbaycan kinematoqrafiyasının beynəlxalq rəqabətə davamlılığının təmin edilməsi, yerli istehsal və yayım infrastrukturunun müasirləşdirilməsidir.

Rejissor, prodüser, Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Əli İsa Cabbarov Teleqaf.com-a açıqlamasında qeyd edib ki, agentliyin yaranması kinomuzun inkişafı, lazımi səlahiyyələrin və müstəqilliyin formalaşması üçün çox vacibdi: “Azərbaycan Kinematoqrafçılar İttifaqı Agentliyin yaradılmasını ürəkdən alqışlayır. Layihənin hazırlanmasında İttifaq olaraq da iştirak etmişik. Agentlik bir rıçaqdır ondan necə istifadə olunacağını tarix göstərəcək.”

O qeyd edib ki, 2000-ci illərin əvvəllərində “Azərkinovideo”nun ləğvindən sonra ilk dəfədir ki, kinonun idarəçiliyi publik şəxsə etibar edildi: “Bu dövlətimiz tərəfindən kinonun vacibliyini göstərən və ona səlahiyyətlər verən bir addımdır. Təbii ki, məntiqlə bu səlahiyyətlərdən az, zəif, yaxud çox yaxşı istifadə edilə bilər. Agentliyin yaradılması bizi arxayınlaşdırmamalıdır. Prezidentin bu fərmanı bizə meydan, şanslar, imkanlar verdi. Bundan istifadə edib –etməyəcəyimiz bizim əlimizdədir. Kino ictimaiyyəti olaraq Agentliyin heyəti ilə bir yerdə kinomuzun inkişafı naminə dostcasına bir yerdə işləməliyik. Və agentliyin verdiyi imkanlardan tam olaraq istifadə etməliyik”.

Əli İsa Cabbarov qeyd edib ki, kinonun qarşısında dövlətin alnı açıq, üzü ağdır: “Hər il dövlət kinoya 6 milyon civarında maliyyə ayırır. Cənab Prezident "Azərbaycan kinosunun 2008-2018- ci illər üzrə inkişafına dair Dövlət Proqramı"nı da qəbul etmişdi. Təəssüf ki, onda aidiyyatı şöbələr dövlət proqramını layiqincə yerinə yetirmədi. 2019-cu ildə film istehsalını və gənc kinematoqrafçıların yaradıcılığını dəstəkləmək üçün Prezidentin ehtiyat fondundan Mədəniyyət Nazirliyinə 5 milyon manat ayrılmışdı. Effektiv nəticəsi olmadı. Təəssüf ki, bu zamana kimi əlimizdə olan imkanları, şansları yaxşı reallaşdıra bilmədik. Amma indi Kino Agentliyinin yaranması bizə çox böyük şanslar verir və qarşımızda imkanlar açır”.


Müəllif: Nərmin Muradova