19 May 16:06
1 745
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın keçmiş prezidenti, Erməni Milli Konqresi Partiyasının sədri Levon Ter-Petrosyan da, revanşistlərə dəstək verməyə başlayıb.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın müxalif Avropa Partiyasının sədri Tiqran Xzmalyan deyib.

Partiya sədri keşiş Baqrat Qalstanyanın yanında toplaşanları xuliqan, narkoman və Rusiyanın adamları adlandırıb və qeyd edib ki, bu insanları ancaq pul maraqlandırır. Xzmalyan istisna etmir ki, insanlar aksiyalara pulla cəlb olunur.

Partiya sədri xatırladır ki, Ermənistan cəmiyyəti keçmiş hakimiyyətlərin davranış və əxlaqına (əxlaqsızlığına) çoxdan bələddir və təəccüblənməyə ehtiyac yoxdur, bu hərəkatın arxasında duran şəxslər çoxdan ifşa olunub.

“Deməliyəm ki, burada üç prezident və partiyaları birləşib. Nə qədər qəribə olsa da, Erməni Milli Konqresi də bu dəfə onların yanındadır. Respublikaçı Partiyası (Sərkisyan), “Lusavor Armenia” və digər kiçik partiyalar Köçəryanla ittifaq qurublar", - Xzmalyan qeyd edib.

Siyasətçinin fikrincə, ölkənin üç keçmiş lideri Rusiya boyunduruğu naminə bir-birləri ilə münasibətlərində yaranan fikir ayrılıqlarını bir kənara qoyublar, çünki indi onların həm şəxsi, həm də iqtisadi maraqları yalnız Rusiya ilə bağlıdır: “Onların bir-birləri ilə olan problemləri ikinci plana atılıb, çünki təməl - Rusiyadan faydalandıqları sistem təhlükə altındadır. Bu gün meydana Rusiya və sovet ideologiyasını rəhbər tutanlar toplaşıblar".

Xzmalyan rusiyapərəst qüvvələrin başlatdığı hər bir hərəkat və ya təşəbbüsün öz mahiyyətinə görə rədd ediləcəyini istisna etmir.

Onun sözlərinə görə, Köçəryan və Sarkisyan, eləcə də onlara qatılmaq qərarı verən Petrosyan ölkəyə ancaq fəlakət gətirə bilər: "Ermənistanın Avropaya inteqrasiya ideyasına qarşı olan aksiyaların sıralarında hansı qüvvələrin olduğu görünür. Onlar Ermənistanı Rusiyanın müstəmləkəsinə çevirmək istəyirlər, amma bəllidir ki, hakimiyyət Ermənistanın 200 illik tarixini (?) dəyişmək yolu ilə gedir. Cəmiyyət o qüvvələri - köhnələri rədd etməlidir".

Xzmalyana görə, revanşistlərin yenidən hakimiyyəti ələ keçirmələrinə imkan verilməyəcək.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər