19 May 15:20
1 256
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidenti İlham Əliyev Rusiya və Ukrayna arasında vasitəçi ola bilər.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Ekspertin fikrincə, Azərbaycanın tərəflər arasında vasitəçiliyi müsbət nəticələrə gətirib çıxara bilər:

"Prezident İlham Əliyev Rusiya və Ukrayna arasında sülhün əldə edilməsində vasitəçi ola bilər. Azərbaycan liderinin həm Ukrayna, həm də Rusiya prezidenti ilə yaxşı əlaqələri var. Əliyevin Qərbdə də nüfuzu kifayət qədər yüksəkdir. Azərbaycanın Cənubi Qafqazda həyata keçirdiyi sülh siyasəti, regionda təhlükəsizliyi təmin etməsi İlham Əliyevi beynəlxalq müstəvidə sabitləşdirici lider kimi önə çıxarır.

Digər yandan, Azərbaycanın Rusiya-Ukrayna münaqişəsi ilə bağlı geosiyasi iddiaları yoxdur. Paralel olaraq, Azərbaycan Qərblə Şərqi birləşdirən mühüm nəqliyyat qovşağıdır, Qərbin enerji təhlükəsizliyinə töhfə verir. Təkcə Şərq-Qərb yox, həmçinin Şimal-Cənub nəqliyyat dəhlizinin önəmli hissəsidir. Bütün bu amillər Azərbaycanın önəmini bütün tərəflər üçün artırır.

Təbii ki, Rusiya-Ukrayna savaşı qlobal qarşıdurmadır. Buna Qərblə Rusiya arasında gedən müharibə kimi də baxmaq olar. Hazırda ABŞ başda olmaqla, Qərb ölkələri Ukraynaya ciddi hərbi yardım göstərirlər. Hesab edirəm ki, müharibənin yeni mərhələsi dağıdıcı olacaq. Rusiyanın itkiləri böyük ölçüdə olması gözlənilir. Münaqişə gec-tez danışıqlar yolu ilə tənzimlənəcək. Bunun üçün tam neytral vasitəçiyə ehtiyac var. Qərb liderləri ola bilməz, Rusiya qəbul etməyəcək. Türkiyənin də vasitəçiliyi qəbul edilmədi. Halbuki Türkiyə də yaxşı variant idi. Belə bir fonda Azərbaycan Ukrayna və Rusiya arasında vasitəçilik edəcək ən unikal ölkə kimi önə çıxır".

Məhəmməd Əsədullazadə qeyd edib ki, Azərbaycan vasitəçi kimi bütün parametrlərə cavab verir:

"Nəzərə alaq ki, Azərbaycan bu il dünyanın diqqət mərkəzində olacaq COP29-a ev sahibliyi edəcək. COP29 təkcə iqlim dəyişikliyi üzrə olan məsələ deyil, bunun təməlində dünyada sülh və təhlükəsizliyin təmin edilməsi də durur. Azərbaycan məhz belə bir konfransa ev sahibliyi edir. Azərbaycan həm də Qoşulmama Hərəkatına sədrlik edərək, bu təşkilatın beynəlxalq müstəvidə rolunu gücləndirib. Təbii ki, burada İlham Əliyevin siyasi nüfuzu və apardığı siyasət önəmli rol oynadı. Ona görə də Azərbaycan lideri Ukrayna və Rusiya arasında vasitəçi ola bilər və belə bir gəlişmənin nəticə verəcəyini də düşünürəm".


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər