“Azərbaycanfilm” kinostudiyasının rəsmi yutub kanalında indiyə qədər ən çox izlənən filmlər bunlardır: “Qatır Məmməd” (1974) – 745000, “Axırıncı aşırım” (1971) – 459000, “Əhməd haradadır?” (1963) – 450000, “Yol əhvalatı” (1980) – 449000, “Qaynana” (1978) – 437000, “Ögey ana” (1958) – 310000, “Yuxu” (2001) – 309000, “Dolu” (2012) – 299000, “Yeddi oğul istərəm” (1970) – 279000, “Yarımçıq xatirələr” (2015) – 278000
Kanalın abunəçi sayı xeyli artaraq 55 963 olub. 582 video yayımlanan kanalda ümumi izlənmə sayı 14 043 885-dir.
Bunu Teleqraf.com-a açıqlamasında “Azərbaycanfilm” kinostudiyasının mətbuat xidmətinin rəhbəri Ramil Ələkbərov deyib.
O bildirib ki, ötən ildən etibarən kinostudiya istehsalla yanaşı təbliğat və indiyə qədər çəkilmiş filmlərin geniş tamaşaçı auditoriyasına çatdırılması üçün piar fəaliyyətinə başlayıb:
“Bu, həm indiyə qədər çəkilmiş filmlərin arxiv olaraq toplanması, bir yerə gətirilməsi, həm də filmlərin ən keyfiyyətli formatda “Azərbaycanfilm”in yutub kanalı vasitəsilə paylaşılması istiqamətində baş verib. Filmlərin toplanılması isə müəyyən şəxslər, Dövlət Film Fond, Kinorejissorlar Gildiyası vasitəsilə mümkün olub”.
(“Qatır Məmməd” - rejissor Rasim Ocaqov)
“Azərbaycanfilm”in filmlərini digər yutub kanallarından sildiririk”
İllər əvvəl “Azərbaycanfilm”in istehsalı olan filmlərin yutub kanalına yüklənilməsi ilə bağlı bir şirkətlə kinostudiya arasında müqavilə imzalanmışdı. 2022-ci ilin sonunda müqavilənin müddəti başa çatdı və ondan sonra filmlər silindi. Nəzərə alsaq ki, ən böyük baza da orda idi. Problem həm də onda idi ki, o filmlərin statistikası bizə düzgün şəkildə verilmirdi.
Statistik məlumatlar bir neçə səbəbə görə vacibdir. Birincisi, informasiyaya görə, ikincisi, Azərbaycan qanunvericiliyində göstərilir ki, hər hansı audiovizual məhsulun sonrakı mərhələdə əldə edəcəyi qonorarın müəyyən faizi beş istehsalçıya (quruluşçu rejissor, ssenari müəllifi, quruluşçu operator, quruluşçu rəssam, bəstəkar) çatmalıdır. Həmin məbləğ Kinorejissorlar Gildiyası vasitəsilə müəlliflərə, müəlliflərin varislərinə çatdırılır. Statistika olmayanda bu prosesi izləmək mümkün deyildi.
Təbii ki, indiyə qədər müxtəlif şəxslər də Azərbaycan filmlərini öz kanallarına yükləyiblər. Biz qarışıqlığı aradan qaldırmaq üçün filmin istehsalçısı - müəllif hüquqları əlində olan qurumun rəsmi yutub kanalı vasitəsilə filmin ən düzgün, ən keyfiyyətli formatını tamaşaçılara çatdırmaq üçün bu istiqamətdə işlərimizi qurduq. Amma hələ də vaxtaşırı filmlərimiz başqa şəxslərin profilləri vasitəsilə yutuba yüklənilir. Bu haqda bizə informasiya gələndə həm keyfiyyətsiz formatda olduğuna, həm də gələcəkdə müəllif hüquqları problemləri ortaya çıxmasın deyə onların sildirilməsi ilə məşğul oluruq”.
Ramil Ələkbərovun sözlərinə görə, kinostudiyanın yutub kanalı ilə yanaşı digər sosial şəbəkə profillərində də davamlı olaraq həm “Azərbaycanfilm” kinostudiyası, həm də Azərbaycan kinosunda baş verən hadisələrlə bağlı izləyicilər məlumatlandırılır.
(“Axırıncı aşırım” - rejissor Kamil Rüstəmbəyov)
Ramil Ələkbərov qeyd edib ki, “Azərbaycanfilm” fəaliyyət göstərdiyi 100 il ərzində 300-ə yaxın tammetrajlı, 100-dən çox qısametrajlı bədii film, bir neçə serial, 1000 sənədli film, 100-ə yaxın animasiya filmləri istehsal edib:
“Bildiyiniz kimi “Azanfilm” müstəqil fəaliyyət göstərənə qədər animasiyalar kinostudiyanın tərkibində çəkilib. Kinostudiyanın istehsallarına “Mozalan”, digər kino jurnalları və digər audiovizual məhsullar daxildir. Bütün bunlar “Azərbaycanfilm”in yutub kanalı vasitəsilə mütamadi olaraq izləyicilərə çatdırılır”.
(“Əhməd haradadır?” - rejissor Adil İsgəndərov)
“Kino söhbətləri” olacaq
“Azərbaycanfilm”in sözçüsü yeniliklərdən də danışıb. O bildirib ki, sentyabrdan etibarən yeni yutub layihələrin həyata keçirilməsi nəzərdə tutulub:
“Biri haqqında məlumat verə bilərəm. “Kino söhbətləri” layihəsi sentyabrdan etibarən izləyicilərin ixtiyarına veriləcək. Bildiyiniz kimi, 2020-2021-ci illərdə “Azərbaycanfilm” kinostudiyasında “Bizim kino” adlı layihə həyata keçirilib. Bu çərçivədə 24 film-veriliş hazırlanıb və onlar İctimai televiziya və yutub kanalımız vasitəsilə yayımlanıb.
“Bizim kino” Azərbaycan kinosunun tarixi ilə bağlı müəyyən məqamlara işıq tuturdu. Layihə çərçivəsində 100-ə yaxın kinematoqrafçı ilə müsahibələr aparılıb. Hər müsahiblə 20-30 dəqiqəlik söhbət aparılıb, amma layihə çərçivəsində müəyyən mövzu olduğuna görə veriliş yığılan zaman ancaq mövzuya uyğun qisim saxlanılıb. Biz həmin müsahibələrdən əlimizdə qalan və yayımlanmayan hissələri “Kino söhbətləri” layihəsi çərçivəsində təqdim edəcəyik”.