Bu gün Azərbaycan Milli İncəsənət Muzeyində doğma yurdumuza baharın gəlişinə həsr olunmuş “Salam, Novruz!” adlı sərginin açılışı olub.
Teleqraf.com xəbər verir ki, sərgidə 80-ə yaxın eksponat təqdim olunub.
Muzeyin kolleksiyasından seçilmiş dekorativ-tətbiqi və təsviri sənət əsərlərini əhatə edən sərgi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Milli İncəsənət Muzeyinin birgə təşkilatçılığı ilə həyata keçirilir.
Muzeyin direktoru Şirin Məlikova bildirib ki, maraqlı konsepsiyaya malik sərgi məkanı Su, Od, Yel, Torpaq çərşənbələrinə, eləcə də astronomik yeni ilin başlandığı Novruz bayramına həsr olunmuş beş tematik zala bölünür.
"Sərginin girişində tamaşaçıları interaktiv niyyət ağacı qarşılayır. Onlar öz arzu və diləklərini yazaraq buradan asmaqla sonda onu yaşıl yarpaqlı ağaca çevirərək ekspozisiyanın tərtibatına öz töhfələrini verirlər".
Diplomat, alim Həsən Həsənov, deputat Ülviyyə Həmzəyeva çıxış edərək Novruz bayramının özəlliyindən danışıblar. Bildiriblər ki, Azərbaycanda keçirilən bu bayram digər ölkələrin Novruz bayramından fərqlənir.
Sərginin Su çərşənbəsi zalında üzərində semantik mənası su ilə bağlı olan həndəsi ornamentlərin əksini tapdığı Tunc dövrünə aid keramik qablar, forma gözəlliyi və nəfis naxışları ilə seçilən dolça və səhənglər, aftafa-ləyən, su qabı, çilcam (qırxaçar) və s. kimi XIX əsrin bədii metal nümunələri nümayiş etdirilir.
Od çərşənbəsi ilə bağlı yaradılmış növbəti zalda əcdadlarımızın oda, günəşə etiqadla bağlı ideoloji görüşlərini əks etdirən qədim keramika nümunəsi, gözəl rəng həllinə malik, günəş rəmzini ifadə edən ornament və təsvirlərlə işlənilmiş XIX əsrə aid müxtəlif texnikalı zərif bədii tikmələr, dəbilqə, qalxan kimi bədii silah nümunələri və digər unikal sənət nümunələri tamaşaçıya təqdim olunur.
Yel çərşənbəsi zalında isə hava ünsürü ilə əlaqəli dekorativ sənət nümunələrindən zərif kələğayı, incə yelpiklər, nəfəs aləti-ney nümayiş etdirilir.
Torpaq çərşənbəsi zalı torpağı, bərəkəti, məhsuldarlığı ifadə edən ornamentlərin əksini tapdığı xalça, bədii tikmə nümunələri və digər xalq sənəti növləri ilə yanaşı, bu ilaxır çərşənbədə həyata keçirilən xalq inancları ilə bağlı təqdim edilən eksponatlarla tərtib olunub.
Beşinci zal astronomik yeni ilin, gecə ilə gündüzün bərabərləşməsini, qışın sona çatmasını, yaz fəslinin gəlişini əks etdirir.
Sərgidə həmçinin Ə.Əzimzadə, S.Bəhlulzadə, E.Şahtaxtinskaya və başqa görkəmli Azərbaycan rəssamlarının bu qədim bahar bayramını əks etdirən rəngkarlıq və qrafika əsərləri də təqdim olunur.
Mərasimə “Nənə-qızlar” folklor ansamblı öz ifaları ilə rəng qatıblar.
Sərgi aprelin 15-nə kimi davam edəcək.