6 Mart 14:29
1 792
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müasir Azərbaycan poeziyasının tanınmış simalarından biri İlham Qəhrəmanın “Laçın lətifələri” və “Dəyirmanın su dərdi” kitabları çapdan çıxıb.

Teleqraf.com xəbər verir ki, “Laçın lətifələri”nin bu dəfəki nəşri Laçın şəhərinin 100 illiyinə həsr olunub.

Kitabda qaçqın-köçkün həyatı yaşamış Laçın camaatından müəllifin topladığı orijinal lətifələrlə yanaşı Molla Nəsrəddin kimi xalq arasında məşhur gülüş qəhrəmanı ilə bağlı indiyədək heç bir yerdə çap olunmamış lətifələr də yer alıb. Bundan əvvəl “Laçın folkloru” və “Laçın lətifələri” kitablarında yer alan lətifələr bu kitabda bir daha toplayıcı tərəfindən yoxlanılıb və bədii cəhətdən zəif, estetik baxımdan məqbul olmayan bəzi lətifələr və gülməcələr yeniləri ilə əvəzlənib.

“Dəyirmanın su dərdi” kitabı şairin poeziya sahəsində oxucularla on birinci görüşüdür.

Kitabda İlham Qəhrəmanın son illərdə qələmə aldığı 275 bayatısı toplanıb. Bayatıların mövzusu əsasən sevgidən, ömür yolundan və Qarabağ müharibəsindən bəhs edir.

Müəllif bayatı janrına xas olan dil yüyrəkliyini, lakonikliyi, az sözlə çox məna verməyi, forma və məzmun vəhdəti tələbini dəqiqliklə işləyib, lirik şeirlərində olduğu kimi bayatılarında da obrazlı dilə sadiq qalıb.


Müəllif: Teleqraf.com