“Bunların hamısı Amerika, Avropa və İsrailin əməlləridir. Onlar İslam dünyası haqqında yanlış təsəvvürlər yaradırlar. Sonra isə guya Amerika dövləti bu məsələlərə müdaxilə edir, əslində isə göydən insanların üzərinə bombalar atır. Əraziyə maskalı şəxsləri göndərir və bunu da İslam adı altında həyata keçirir. Baxmayaraq ki, onların İslama heç bir aidiyyəti yoxdur. Bu adamlar da ərazidə baş kəsir, edam prosesi həyata keçirirlər. Əlbəttə, bütün bunlar İslam pərdəsi altında həyata keçirirlər. Əslində isə İslamı İslam adı altında məhv etməyə çalışırlar. Məqsəd budur. Ancaq inanıram ki, bu istəkləri baş tutmayacaq”.
Bunu qəzetimizə müsahibəsində sabiq deputat, “Tövbə” Cəmiyyətinin sədri Hacı Əbdül bildirib. Müsahibəni təqdim edirik:
- Bir neçə gündən sonra Bakıda I Avropa Oyunları keçiriləcək. Siz köhnə idmançısınız. Bu yarışın Bakıda keçirilməsini necə qiymətləndirirsiniz?
- Azərbaycanda I Avropa Oyunlarının keçirilməsi çox gözəl hadisədir. Bu Oyunlar faktiki olaraq Azərbaycanı bütün dünyaya tanıtdıracaq. Eləcə də, Azərbaycan idmançılarını gələcək üçün ruhlandıracaq. Oyunlar ölkəmizdə idmanın vüsət almasına səbəb olacaq, uşaqlar idmana daha çox meyl edəcəklər. Oyunların Azərbaycanda keçirilməsi üçün çoxlu sayda infrastrukturla tikilib və buna da böyük məbləğdə maliyyə xərclənib. Ancaq bu idman kompleksləri ölkəmizdə qalacaq, gənclərimizə xidmət edəcək. Bu yaxşı və gözəl fikirdir. Belə beynəlxalq idman tədbirlərinin Azərbaycanda çox keçirilməsi daha yaxşıdır.
- I Avropa Oyunlarına ancaq idman yarışı kimi baxmaq lazımdır?
- Bu həm də böyük siyasi hadisədir. Oyunlara yalnız idman kimi baxmaq lazım deyil. Düzdür, biz bunu deyərkən ölkəmizin tanınmasını, təbliğ edilməsini nəzərdə tuturuq. Bu mühüm tədbirdən sonra bir çox ölkələrin Azərbaycanla münasibətləri daha da genişlənə bilər. Gələcəkdə mümkündür ki, bir çox ölkələrin Azərbaycana münasibəti dəyişəcək. Yəni bu təbliğat, ölkənin inkişafı baxımından vacib haldır. Mən bunu xüsusilə qeyd edirəm.
- Azərbaycan idmançılarından nə gözləyirsiniz?
- I Avropa Oyunları zamanı Azərbaycan idmançılarından çox şey gözləmək olar. Çünki idmançılarımız öz Vətənində mübarizə aparacaq, şübhəsiz ki, bu zaman torpaq da idmançılarımıza güc verəcək. Vətəndaşlarımızın da alqışı olacaq. Odur ki, bizim qələbəmiz daha realdır.
- Siz hansı idman növünə azarkeşlik edirsiniz?
- Ən çox güləş idman növünə baxıram. Güləşi də, güləşçilərimizi də sevirəm. Onların qələbəsini görəndə də fəxr edirəm. Köhnə idmançı olaraq digər idman sahələrinə də baxıram, ancaq daha çox sərbəst güləşi sevirəm. Bizim sərbəst güləş üzrə idmançılarımızın uğur əldə edəcəyinə inanıram. Nəzərinizə çatdırım ki, bu yaxınlarda güləşçilərimiz qələbə qazanıblar. Odur ki, onlara ümidimiz böyükdür. İnanıram ki, bütün idman növləri üzrə yarışlarda uğurlarımız olacaq.
- I Avropa Oyunlarına erməni idmançılar da gələcək. Bunu necə qiymətləndirirsiniz? QAT sədri Akif Nağı erməni idmançılarının gəlişinə etiraz edir.
- İdmanı siyasətə qatmamalıyıq. Qoyun erməni də, ingilis də gəlsin. İdmanda başqa məsələlər yoxdur. Gəlsinlər, iştirak etsinlər, şəhərimizi də, xalqımızı da görsünlər.
- Sizcə, müasir dövrdə idmanı siyasətə qatırlarmı?
- Yaşadığımız dövrdə idmandan siyasi alət kimi daha çox istifadə edirlər. Əlbəttə ki, bu, qətiyyən doğru hal deyil. İdman siyasət xoşlamır, bunu həmin dairələr başa düşməlidir. İdman idmançıları xoşlayır. İdmanda millət məsələsi də yoxdur. Yarışda hər kəs idmançıdır. Yaxşı idmançı öz dövlətinin və xalqının qürur mənbəyidir. Biz də gözəl idmançılarımızla fəxr edirik. Akif Nağı deyə bilər ki, Azərbaycana erməni idmançıları gəlməsin. Bu, normaldır. Çünki arada müharibə gedib, torpaqlarımız işğal edilib. Ancaq bununla belə biz Azərbaycan olaraq I Avropa Oyunları zamanı da öz qabiliyyətimizi, mədəniyyətimizi və səviyyəmizi göstərməliyik. Erməni idmançılarını da yüksək səviyyədə qarşılamalı və yola salmalıyıq. Dünya da görməlidir ki, azərbaycanlılar necə qonaqpərvər, sülhsevər millətdir. Məncə, heç bir halda pis münasibət olmamalıdır. Biz buna idman yarışı kimi yanaşmalıyıq.
- Avropa Parlamenti Bakıda baş tutacaq I Avropa Oyunları ilə bağlı qətnamə qəbul etdi, müxtəlif neqativ açıqlamalar verilir. Bunu necə qiymətləndirirsiniz?
- Həmin açıqlama və bəyanatları verən şəxslər siyasətçilərdir. Toplaşaraq nəsə deyirlər. İdmanı siyasətə qatanda bu yarış korlanır. İdmanda siyasət ondan ibarət olmalıdır ki, ölkəni, milləti, idmançıları dünyaya tanıtdırmalı, yarışa gələnlərdə ölkə haqqında təəssürat yaradılmalıdır. Gələn turistlər xalqımız, onun tarixi və mədəniyyəti ilə maraqlanmalıdır. Yəni bu yarışdan faydalanaraq özümüzü dünyaya tanıtdıra bilərik. Xalqımızı, onun adət-ənənələrini təbliğ edə bilərik. Çünki dünyanın müxtəlif ölkələrindən bura gələcəklər. Son illər Bakı doğrudan da gözəlləşib. Gəlib Bakıda qalacaq, yarışlara baxacaqlar. Biz də çalışmalıyıq ki, onlar Bakını gözəl təəssüratla tərk etsinlər.
- Bəs, bu siyasətçilərin bəyanatlarının arxasında hansı məqsəd dayanır?
- Təbii ki, Avropa Oyunlarından istifadə edərək təzyiqlər göstərmək istəyirlər. Onlar, daha doğrusu Avropa çox istəyər ki, Azərbaycan asılı olsun. Başqa sözlə, istədiyi zaman Azərbaycana diktə etsinlər. Lazım gələndə müstəqil olmasına baxmayaraq istənilən sahədə Azərbaycana göstərişlər versinlər. Ona görə də, belə qətnamələr, təzyiqlər edirlər. Məqsəd bundan ibarətdir. Ancaq hesab edirəm ki, bu baş tutası bir iş deyil. Şəxsən mən bunun baş tutmasına inanmıram. Azərbaycan dövləti onların qarşısında aciz şəkildə dayanmır və dayanmaz da. Əksinə, Azərbaycan dövləti öz fəaliyyətini, siyasətini, azad fikirlərini ortaya qoyur və bunu həyata keçirir. Hazırda onların etdiyi təzyiqlərə Azərbaycan baş əyməyəcək. Azərbaycan bu təzyiqlərə sinə gələcək. Biz heç kimin təsirində olacaq dövlət ola bilmərik. Bu mənada ümid edirəm ki, göstərilən təzyiqlər, edilən cəhdlərin heç bir nəticəsi olmayacaq.
- Ərəb coğrafiyası da qarışıb. İraqda, Suriyada və Yəməndə qanlı toqquşmalar gedir, paytaxt Səna hər gün bombalanır. Bu regionda baş verən prosesləri necə şərh edirsiniz?
- Bunların hamısı Amerika, Avropa və İsrailin əməlləridir. Onlar İslam dünyası haqqında yanlış təsəvvürlər yaradırlar. Sonra isə guya Amerika dövləti bu məsələlərə müdaxilə edir, əslində isə göydən insanların üzərinə bombalar atır. Əraziyə maskalı şəxsləri göndərir və bunu da İslam adı altında həyata keçirir. Baxmayaraq ki, onların İslama heç bir aidiyyəti yoxdur. Bu adamlar da ərazidə baş kəsir, edam prosesi həyata keçirirlər. Əlbəttə, bütün bunlar İslam pərdəsi altında həyata keçirirlər. Əslində isə İslamı İslam adı altında məhv etməyə çalışırlar. Məqsəd budur. Ancaq inanıram ki, bu istəkləri baş tutmayacaq.
- Axı, Yəmən uğrunda az qala İranla Səudiyyə Ərəbistanı vuruşur. Niyə müsəlmanlar bir-birinə qarşı silah qaldırır?
- Bəli, müsəlman ölkələridir. Amma Səudiyyə Ərəbistanı həm də vəhhabi dövlətidir. Vəhhabilər üçün isə nə sünni, nə də şiə məsələsi var. Əslində, vəhhabilər yəhudilərin bir qoludur. Üstəlik Yəmənin də 70 faizi şiədir. Bu şiələrin də Yəməndə fəaliyyətini, möhkəmlənməsini istəmirlər. Bu səbəbdən yaranan fürsətdən istifadə edərək ərəb dövlətlərinin birliyi adından çıxış edirlər. Reallıqda isə sünni və şiə qardaşlarımız qırılır, məhv edilir.
- Sizcə, bu proseslərin sonu necə olacaq?
- Hesab edirəm ki, Allahın izni ilə bu işlərin sonu İslamın qələbəsi ilə başa çatacaq. Mən təmiz İslamın qələbəsini nəzərdə tuturam.
- Siz, uzun müddətdir mətbuatda görünmürsünüz, fəaliyyətiniz nədən ibarətdir?
- Bizim “Tövbə” Cəmiyyətimiz var. Bu əxlaqi bir cəmiyyətdir və çalışırıq ki, gənclərimizi pis yollardan çəkindirək. Bu istiqamətdə də fəaliyyətimizi davam etdiririk. İkinci istiqamətimiz “Vətən Naminə Xalq Hərəkatı”dır. Burada da birlik üçün fəaliyyətimizi aparır, Vətən naminə əlimizdən gələni etməyə çalışırıq. Yəni bu qurum da fəaliyyətdədir.
- Qarşıdan parlament seçkiləri gəlir, namizədliyinizi irəli sürəcəksinizmi?
- Bəli, namizədliyimi irəli sürmək haqqında düşünürəm, ancaq qəti qərarımı verməmişəm. Hələlik seçkilərə zaman qalır, çalışarıq vaxtı gələndə qərarımızı verək. İndilikdə seçkilərdə iştirakla bağlı düşüncəm var.
- Müxalifətlə münasibətləriniz necədir?
- Mən müxalifətlə bağlı fikrimi hələ parlament üzvü olduğum zaman demişəm və bu da hər kəsin yadındadır. Hesab edirəm ki, müxalifət millətin və dövlətin düşməni olmamalıdır. Müxalifət bir növ güzgü olmalı, problemləri ortaya çıxarmalıdır. Daha təsirə düşməməlidir. Vaxtında qeyd etmişəm ki, Azərbaycanda təmiz müxalifət yoxdur. İndi də bu düşüncədəyəm. Müxalifət sağlam olmalı, xalqı və dövlətin gələcəyi üçün addımlar atmalıdır. Bundan kənar müxalifətin olması ziyandır.
Nemət