Ermənistan polisi İrəvanda polis alayını ələ keçirən silahlıların təslim olma görüntülərini paylaşıb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, qiyamçılar dünən gecə saatlarında təslim olublar. "Biz təslim olmaq qərarına gəldik. Bu, çox çətin qərar idi. Mən tərəfdarlarımı mübarizəni davam etdirməyə və həbsxanadan edəcəyimiz müraciətləri diqqətlə izləməyə çağırıram" - bu sözləri silahlı qrupun üzvü Varujan Avetisyan deyib.
Qeyd edək ki, silahlı şəxslər iyulun 17-də polis alayına hücum edib və oranı ələ keçiriblər. Hücum zamanı 1 polis əməkdaşı öldürülüb, 3-ü xəsarət alıb. Hazırda silahlılar 4 polis əməkdaşını girovluqda saxlayırlar. Onlar Serj Sərkisyanın istefasını və "Yeni Ermənistan" təşkilatının rəhbəri Jirayr Səfilyanın azad edilməsini tələb edirlər.
İyulun 20-dən başlayaraq, İrəvanda silahlı şəxslərə dəstək məqsədilə yürüş təşkil edilib. Həmin gecə polislə nümayişçilər arasında toqquşmalar baş verib. Hadisələr zamanı 29-u polis olmaqla 51 nəfər xəsarət alıb, 130-dan çox yürüş iştirakçısı saxlanılıb.
İyulun 26-da silahlılarla polislər arasında atışma baş verib. Hadisə zamanı 2 silahlı və 1 polis yaralanıb. Onlar xəstəxanaya çatdırılıb. Oxşar hadisə iyulun 27-də də baş verib. Yaralı qruplaşma üzvlərinə tibbi yardım göstərmək üçün polis alayının binasına daxil olan 4 həkim də girov götürülüb.
İyulun 29-u gecə saatlarında polislə nümayişçilər arasında növbəti toqquşma baş verib. Hadisələr zamanı 60 nəfər xəsarət alıb, 100 nəfər saxlanılıb.
Teleqraf.com silahlı qruplaşmanın təslim olma görüntülərini təqdim edir:
Samir