“Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dövlət çevrilişinə cəhd hadisəsindən sonra bu həftə ilk xarici səfərinə çıxır. Lakin bu müzakirələr Türkiyənin NATO üzrə hər hansı müttəfiqi ilə deyil, Rusiya prezidenti Vladimir Putinlə aparılacaq”.
Teleqraf.com xəbər verir ki, Londonda nəşr olunan gündəlik “Financial Times” qəzetində dərc olunmuş yazıda belə deyilir.
Yazıda qeyd olunur ki, həm Qərb, həm də Rusiya Ərdoğanın qiyamdan sonra hansı yolu seçəcəyini səbirsizliklə gözləyirdilər. Bu baxımdan Sankt-Peterburq görüşü böyük geosiyasi önəm daşıyır: “Müzakirə ediləcək məsələlərin geniş dairəsi, o cümlədən Qərbə “dərs vermək” arzusu, həmçinin regional təhlükəsizlik üzrə ümumi maraqlar Moskva ilə Ankaranı əməkdaşlığına təkan verib”.
Bundan başqa Türkiyə uğursuz çevriliş cəhdindən sonra Rusiyanın qeyd-şərtsiz dəstəyinin salamlayır. Bu ton Vaşinqtonun münasibətinə qarşı Ankaranın ritorikası ilə ziddiyyət təşkil edir.
“Bizim ABŞ-la münasibətlərimiz pisdir, son 50 ildə heç vaxt bu qədər pis olmamışdı və bu, sözsüz ki, Rusiya ilə dostluq perspektivlərini cazibədar edir”, deyə Moskvadakı adı açıqlanmayan türk diplomat nəşrə deyib.
Qəzet yazır ki, Türkiyə hakimiyyəti səliqə-səhman yaradarkən ABŞ-la körpüləri yandırmağa hazırlaşmır və Rusiya ilə ittifaq yaratmaqda israr etmir. Diplomatın sözlərinə görə, Vaşinqton və Ankara arasındakı əlaqələr güclüdür, amma ikitərəfli münasibətlərdə təkcə bu narahatlıqlar olmayıb. Bu sırada 1974-cü ildə Kiprin işğalı, 2003-cü ildə Türkiyənin İraqa hücum üçün Amerika qoşunlarına öz ərazisindən istifadə imkanı verməməsi, amerikalıların Səddam Hüseyn rejimi dövründə İraq kürdlərini, çox yaxın keçmişdə isə “İslam Dövləti” terror qruplaşmasına qarşı döyüşən kürdləri dəstəkləməsi qeyd edilir .
Bununla belə, qəzet yazır ki, diplomatlar Ankaranın Moskvadan Suriya məsələsində Qərbə qarşı təzyiq rıçaqı kimi istifadə edəcəyindən ehtiyatlanırlar: “Türkiyə Bəşər Əsədin ünvanına tənqidləri azaldar. Xüsusi qaydada Moskva ilə razılaşa bilər ki, Əsəd rejimi ən azı keçid dövründə Suriyanın suverenliyinin qorunmasının təminatçısı olsun. Türkiyə buna qarşılıq olaraq Suriya kürdləri məsələsində Moskvadan dəstək gözləyə bilər ki, ekspertlərin fikrincə, bu da mümkündür”,
Məqalənin yekununda bildirilir ki, regional məsələlərə dair ümumi maraqlara baxmayaraq, Moskva və Ankaranın rəsmi şəxsləri Putin və Ərdoğanın görüşünün nəticələrini proqnozlaşdıra bilməzlər.
Qeyd edək ki, az öncə Ərdoğan Putinlə görüşün ikitərəfli əlaqələrdə yeni səhifə açacağını bildirib.
Səxavət