Avqustun 23-də İran parlamentində çıxış edən azərbaycanlı deputatlar, Şəhabəddin Bimeqdar və Məhəmməd Həsənnəjad Azərbaycan əyalətlərinin məktəblərində Azərbaycan türkcəsi və onun ədəbiyyatının tədris olunmasını tələb ediblər.
Təbriz, Azərşəhr və Üsküdən seçilən deputat Şəhabəddin Bimeqdar öz çıxışında İran prezidenti Həsən Ruhaninin son prezident seçkisi zamanı ana yasanın 15-ci əslinin icrası ilə bağlı seçicilərə verdiyi vədlərinə toxunaraq deyib ki, konstitusiyanın 15-ci əsli icra olunmalıdır: “Təbriz Universitetində türk dili və ədəbiyyatı bölümünün açılması müsbət addımdır. Lakin ümid edirəm ki, məsullar bu sahədə növbəti addımları da atacaqlar. O da, ibtidai və orta məktəblərdə türk dili və ədəbiyyatının dərsliklərə salınmasıdır”.
Həmçinin Mərənd və Culfa şəhərlərindən İran parlamentinə yol tapan deputat Məhəmməd Həsənnəjad isə öz çıxışında bildirib ki, məktəblərdə türk dili və ədəbiyyatının tədris olunması, onu deputatlığa seçən seçicilərin əsas istəklərindən biridir: “Azərbaycanlıların istəyi o qədər də böyük deyil. Onlar sadəcə olaraq ana dillərinin, yəni Azərbaycan türkcəsi və onun ədəbiyyatının məktəblərdə tədris olunmasını tələb edirlər”.