30 Sentyabr 2016 09:53
841
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oktyabrın 18-də cəza müddəti tamamlanan Merab Canqveladze qətlə yetirilən Rövşən Canıyevin ən yaxın adamlarından biri olub; Rusiya kriminalında “nömrə 1” olmağa iddialı “Suxumski” kimdir?

Yezidi kürd Zaxari Kalaşovun (“Şakro Molodoy”) həbsindən və azərbaycanlı “qanuni oğru” Rövşən Canıyevin (“Lənkəranski”) qətlindən sonra Rusiya kriminalında “nömrə-1"in kimin olacağı ilə bağlı müzakirələr gedir. Reketdə və dələduzluqda suçlanan ”Şakro Molodoy"-Aslan Usoyan (“Ded Xasan”) “taxt-tacında” möhkəmlənməmiş həbs edilib və onu uzun müddətli türmə həyatı gözləyir.

“Lənkəranski”nin ən yaxın adamı, qətlindən sonra İstanbulda həbs edilən Hacı Talıbxanlı da (“Hacı Beyləqanski”) indilikdə klana rəhbərlik etmək durumda deyil. İstanbul polisi onun bir neçə qətldə əli olduğundan şübhələnir. Xəbər verdiyimiz kimi, bu səbəbdən “Lənkəranski” klanının Türkiyəyə cavabdeh şəxsi kimi “Kurşa” ləqəbi ilə tanınan 44 yaşlı Qoça Çinçaridze tanınıb. “Qanuni oğru” adını 19 yaşında alan Qoça son illər Türkiyədə məskunlaşmışdı. Qeyd edək ki, Lənkəranskinin beynəlmiləl (ermənilərdən başqa) hesab edilən klanında əsas söz sahibləri gürcülər olub. Bu səbəbdən “Lənkəranski”nin xələfi kimi gürcü “qanuni oğru”ların tanına bilmək ehtimalı əvvəldən də böyük idi.

Bu ərəfədə isə Rövşən Lənkəranskinin ən yaxın adamlarından olan Merab Canqveladze (“Merab Suxumski”) azadlığa buraxılmalıdır. Bir neçə il əvvəl Avropada Rusiya mafiyasına qarşı əməliyyatda həbs edilən Canqveladze Lənkəranski ilə ən yaxın müttəfiq və “Ded Xasan” klanının ən qatı düşmənlərindəndir. Onun həbsi Lənkəranskinin faktiki təklənməsi kimi qiymətləndirilirdi.

Oktyabrın 18-də cəza müddəti tamamlanan “Suxumski”nin qayıdışı “Lənkəranski” klanına əlavə güc qata bilər. Belə iddialar da var ki, “Suxumski”nin ilk işlərindən biri məhz “Lənkəranski”nin intiqamını almaq ola bilər. Nəzərə alsaq ki, “Lənkəranski”nin intiqamı hələ alınmayıb, bu səbəbdən də “Suxumski”nin azadlığa çıxması ilə kriminal aləmdə yeni müharibə də alovlana bilər.

Rusiya hüquq-mühafizə orqanları məhz bu kimi səbəblərdən “Suxumski”nin Rusiyaya qayıtmasını istəmirlər. Rusiya KİV-lərinin xəbərinə görə, hələ iyun ayında Moskva məhkəməsinin hakimi Nelli Rubçovanın sədrliyi ilə keçirilən prosesdə “Suxumski”in Rusiya vətəndaşlığının ləğvinə baxılıb.

Qərara görə, “Suxumski” özü haqqında doğru məlumat verməməsi səbəbində vətəndaşlığına son verilib. Gələn həftə bu məsələ ilə bağlı apelyasiya şikayətinə baxılacaq və son qərar veriləcək. Əgər qərar qüvvədə saxlanılsa, Rusiyaya qayıdan kimi deportasiya olunacaq. Məlumatda bildirilir ki, “Suxumski” Rusiya vətəndaşlığından çıxarılarsa, o, Qazaxıstan hüquq-mühafizə orqanlarına təhvil verilməlidir.

Çünki Qazaxıstanın hüquq-mühafizə orqanları onu bir sıra cinayətlərdə suçlayır. Xatırladaq ki, “Şakro” da iki il əvvəl İspaniya həbsxanasından buraxılanda Rusiyanın onu Gürcüstana təhvil verəcəyi deyilirdi. Amma Rusiya “Şakro”nun vətəndaşlığını ləğv etmədi və bəzi razılaşmalar əsasında bu ölkədə yaşamasına izn verdi. (O isə belə görünür ki, razılaşmaları pozduğu üçün həbs edilib və hələ uzun illər azadlıq üzü görməyəcək). Rusiya KİV-ləri yazır ki, “Suxumski” “nömrə 1" olmağa ən real namizəddir.

Kriminal aləmin ən odioz fiqurlarından olan “Suxumski” haqda məlumatlar çox azdır. “Suxumski” haqqında məlumatın niyə çox az olduğunu onunla bağlı “YouTube”də olan qısa videodan anlamaq mümkündür. “Merab Suxumskidən master-klass” başlıqlı həmin süjetdə istintaqçının ona hətta ad və soyadı ilə bağlı verdiyi suallar cavabsız qalır. “Master-klass” “oğru dünyası”nda “görməmişəm, eşitməmişəm, bilmirəm” sözlərini ehtiva edir.

“Yeni Müsavat”ın xəbərinə görə, Merab Canqveladze 1962-ci ilin noyabr ayının 20-də Suxumidə anadan olub. “Qanuni oğru” adını gənc yaşlarında alıb və kriminal aləmdə onun ailəsini təmsil edən kiçik qardaşı da var. 1975-ci ildə anadan olan Levan da “Suxumski” ləqəbi ilə tanınır və “Lənkəranski” ilə yaxşı münasibətləri olub.

Rusiya mafiyasının “xaç atası” Vyaçeslav İvankovla (“Yaponçik”) uzun illər qarşıdurmada olan Merab 2009-cu il iyulun 28-də avtoritetə olan sui-qəsddə əsas şübhəli kimi tanınıb. “Yaponçik” tərəfdarları iddia edirdilər ki, sui-qəsdin sifarişçiləri arasında “Lənkəranski” ilə yanaşı Merab da var. “Ded Xasan”ın qətlindən sonra da “Suxumski” və “Lənkəranski”nin adları sifarişçilər siyahısında birgə hallanıb.

“Yaponçik”in öldürülməsindən sonra “Suxumski”nin “Ded Xasan”la da münasibətləri daha da pisləşir. Bu dəfə əzəli rəqiblər Soçidə-2014-cü il qış olimpiadası üçün tikilən obyektlərə nəzarət uğrunda mübarizədə toqquşublar.

2010-cu ildə Usoyan Moskvada 50 nəfər “qanuni oğru” nun iştirakı ilə Merab Suxumskinin “şəxsi işinə” baxılması üçün “sxodka” çağırıb. Deyilənə görə, “Ded” sanki məhkəmədəki kimi Merabla bağlı ortaya sənədlər və şahidlər qoyub. Söhbətin hansı sübutlardan getdiyi açıqlanmasa da, nəticə “Ded Xasan”ın istədiyi kim olur. Merab “oğru” adından məhrum edilib.


Müəllif:

Oxşar xəbərlər