Oktyabrın 15-16-da Hindistanın cənub-qərbindəki Qoa ştatında BRICS (Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası) ölkələri liderlərinin VIII sammiti keçirildi.
Teleqraf.com-un məlumatına görə, sammitdə sözügedən ölkələrin liderləri – Braziliya prezidenti Mişel Temer, Rusiya prezidenti Vladimir Putin, Hindistanın baş naziri Narendra Modi, Çin Xalq Respublikasının sədri Si Cinpin və Cənubi Afrika Respublikasının prezidenti Ceykob Zuma iştirak edib.
Sammitin gündəliyinin əsas məsələsi aparıcı beynəlxalq təşkilatlardan biri kimi BRİCS ölkələri arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi, bu formatda çoxşaxəli əməkdaşlığın inkişaf etdirilməsi olub. Bundan əlavə liderlər beynəlxalq terrorçuluqla mübarizə və Suriyada vəziyyətin nizamlanması məsələsini, dünya iqtisadiyyatı və maliyyə sahəsində sabitliyin gücləndirilməsi, qlobal idarəçiliyin təkmilləşdirilməsi məsələsini də müzakirə ediblər. Həmçinin, liderlər texnologiyalar, rəqəmsal iqtisadiyyat, iqlim dəyişilmələri məsələsini də diqqətdən kənarda qoymayıblar.
Liderlər əvvəlcə məhdud çərçivədə görüş keçiriblər. Daha sonra BRICS-in İşgüzar Şurasının üzvləri ilə görüşüblər. Hər bir liderlə gəlmiş nümayəndə heyətlərinin iştirakı ilə plenar iclas keçiriblər. Bundan sonra geniş sənədlər paketi imzalanıb. Bura Qoa Bəyannaməsi və onun reallaşması üçün hərəkət planı, həmçinin iqtisadi, maliyyə və humanitar əməkdaşlığa dair sənədlər var.
Oktyabrın 17-də Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov sammitin yekunları ilə bağlı mətbuat konfransı keçirib. O bildirib ki, “beşlər”in əsas müzakirə mövzusu dünya iqtisadiyyatındakı vəziyyət və beynəlxalq terrorçuluğa qarşı mübarizə olub.
Nazir müavini qeyd edib ki, V.Putin təşkilatdakı həmkarlarına Suriyadakı, həmçinin Hələbdəki vəziyyətə dair məlumat verib. S.Ryabkov qeyd edib ki, BRICS ölkələri Suriya probleminin həllində siyasi-diplomatik yolu əsas götürməklə bu məsələdə ümumi mövqedən çıxış edirlər: “BRICS ölkələrinin liderləri sammitin yekunlarına dair birgə bəyannamədə İŞİD və “Cəbhət ən-Nüsra”ya qarşı mübarizənin davam etdirilməsi şərtilə Suriya probleminin dialoq əsasında dinc yolla həllinə çağırış ediblər”.
Qeyd edək ki, BRICS-ə daxil olan ölkələr sürətlə inkişaf edən ölkələr hesab olunurlar. Yarandığı ilk illərdə o, BRIC adlanıb. 2010-cu ildə CAR-ın da qoşulması ilə təşkilat BRICS adlanmağa başlayıb. İlk dörd ölkənin xarici işlər nazirləri ilk dəfə 2006-cı ilin sentyabrında Nyu-Yorkda, BMT Baş Assambleyasının sessiyası çərçivəsində görüşüblər. İlk geniştərkibli diplomatik görüş 2008-ci ilin mayın 16-da Yekaterinburqda baş tutub. BRIC ölkələrinin ilk sammiti də bundan bir il bir ay sonra – 2009-cu ilin iyunun 16-da Yekaterinburqda keçirilib. Sonrakı sammitlər 2010-cu ildə Braziliyada (Braziliya), 2011-ci ildə Sanyada (Çin), 2012-ci ildə Nyu-Dehlidə (Hindistan), 2013-cü ildə Durbanda (CAR), 2014-cü ildə Fortalezada (Braziliya) və 2015-ci ildə Ufada (Rusiya Federasiya) düzənlənib.
Qeyd etdiyimiz kimi BRICS ölkələri sürətlə inkişaf edən ölkələr qrupuna daxildirlər. Onlardan Braziliya kənd təsərrüfatı məhsullarının ixracı sahəsində ixtisaslaşıb, CAR təbii ehtiyatlar, Hindistan ucuz intellektual resurslar, Çin güclü sənaye bazası, Rusiya isə zəngin mineral ehtiyatlarla zəngindir. Hazırda BRICS ölkələrində 3 milyard əhali yaşayır ki, bu da planetin ümumi əhalisinin 42,1 faizi deməkdir. “Beşlik” ölkələrinin ərazisi 39,7 milyon kvadrat kilometrdir. Dünyanın ümumi ərazisinin 29,8 faizi. BRICS ölkələrinin ümumi daxili məhsulunun həcmi 16,4 trilyon dollar, yaxud dünyanın bütün ölkələrinin ümumi daxili məhsulunun 22,3 faizi həcmindədir.
Səxavət HƏMİD