31 Oktyabr 2016 19:53
514
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da prezident seçkilərinə sayılı günlər qalıb. Reytinqdə birinci olan Demokratlar partiyasının namizədi Hillari Klintonun prezident seçiləcəyi təqdirdə, həyat yoldaşı sabiq prezident Bill Klintona necə xitab ediləcəyi müzakirə mövzusu olub.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Hillari Klinton Respublikaçılar partiyasının namizədi Donald Trampa qalib gələrsə, ABŞ tarixində ilk qadın prezident olacaq. Belə olan halda ABŞ-ın 42-ci prezidenti Bill Klinton bu dəfə xanım Hillarinin həyat yoldaşı kimi Ağ Evə köçəcək. ABŞ-ın indiyə qədər bütün dövlət başçıları kişi olduğu üçün onların həyat yoldaşlarına “first lady” kimi xitab edilib. İlk dəfə bir qadının prezident seçilməsi ehtimalı ortaya çıxdığı və daha əvvəl belə bir nümunə olmadığı üçün Bill Klintonun necə təqdim ediləcəyi müzakirələrə səbəb olub.

Söhbət Ağ Ev işçilərinin Bill Klintona necə müraciət edəcəkləri, Hillari Klintonun rəsmi qəbullar üçün göndərəcəyi dəvətnamələrdə həyat yoldaşını necə təqdim edəcəyindən gedir. Eyni zamanda medianın Bill Klintonu necə təqdim edəcəyi qeyri-müəyyəndir.

İrəli sürülən təkliflər arasında “first gentleman”, “first spouse”, “first man” versiyaları var.

“Vaşinqton hörmət və sayğı protokol məktəbi: adlar, ünvanlar və xitab üçün bələdçi” kitabının müəllifi Robert Hike ən uyğun variantın “hörmətli başçı” və ya “cənab Bill Klinton” olduğu təklif edib.

Hike hesab edir ki, Bill Klinton sabiq prezident olduğu üçün yazışmalarda “hörmətli (honorable) Bill Klinton” ifadəsindən istifadə oluna bilər.

Həyat yoldaşı prezident seçələrsə, 16 il sonra yenidən Ağ Evə köçəcək Bill Klinton üçün ona necə xitab ediləcəyi bir o qədər əhəmiyyətli mövzu deyil. Klinton həyat yoldaşı Hillarinin 2008-ci il prezident seçkilərində Barak Obama ilə yarışdığı zaman müsahibələrinin birində “Hillari prezident olsa, məni necə çağıracaqlarını əhəmiyyətsiz hesab edirəm. Hərçənd şotlandiyalı dostlarım “first laddie” (cavan oğlan) deyilməsini istəyir”- deyə, qeyd etmişdi.

Kəmalə


Müəllif:

Oxşar xəbərlər