Banqladeşin keçmiş baş naziri Şeyx Hasinanın hakimiyyəti dövründə vətəndaşların zorla yoxa çıxmalarını araşdıran komissiya hadislərdə eks baş nazirin əli olduğuna dair sübutlar tapıldığını bildirib.
Teleqraf.com xəbər verir ki, Banqladeşin müvəqqəti hökumətinin başçısı Məhəmməd Yunusun ofisindən verilən açıqlamada belə qeyd olunur.
"Komissiya keçmiş baş nazir Şeyx Hasinanın zorla yoxa çıxma işlərində iştirakına dair sübutlar tapıb. Zorla yoxa çıxanların sayı 3500-ü keçə bilər", - məlumatda belə deyilir.
Bildirilir ki, istintaq zorla yoxa çıxma hallarının aşkar edilməməsinə imkan verən sistemli nümunə aşkar edib. Bu işə hərbçilər və polislər cəlb edilib, Şeyx Hasina koordinasiya rolunu oynayıb. Komissiya mart ayında daha bir aralıq hesabat təqdim etmək niyyətindədir. Gözlənilir ki, daxil olan bütün iddiaların nəzərdən keçirilməsini başa çatdırmaq üçün ən azı bir il vaxt lazımdır.
Hüquq müdafiəçisi və komissiya üzvü Səccad Hüseyn bildirib ki, indiyədək zorla yoxa çıxma ilə bağlı 1676 şikayət qeydə alınıb və onlardan 758-nə araşdırma üçün müraciət olunub.