Aralıq dənizinin bütün şərq sahili ölkələrinin və Suriya Ərəb Respublikasının ən böyük, qədim və əsrarəngiz şəhərlərindən biri olan Hələb uğrunda şiddətli döyüşlər gedir. Bəzi müşahidəçilərin qənaətincə, Hələb uğrunda döyüşlər Suriyada 2011-ci ildən bəri davam edən vətəndaş müharibəsində dönüş nöqtəsi olacaq. Məhz Hələb uğrunda döyüş müharibənin bundan sonrakı istiqamətini müəyyənləşdirəcək. Bəs, hazırda Hələbdə döyüşən qüvvələri təmsil edənlər kimlərdir? Qüvvələr nisbəti necədir? Suriya böhranının nə vaxt öz həllini tapacağı proqnozlaşdırılır?
Bu istiqamətdə Teleqraf.com-un suallarını cavablandıran politoloq Zərdüşt Əlizadə bildirib ki, hazırda Hələbdə İŞİD-in qoşunları ilə prezident Bəşər Əsədə sadiq qüvvələr döyüşür. Onun sözlərinə görə, İŞİD-in arxasında bütün “mürtəce ərəb rejimləri” dayanır. O rejimləri isə ABŞ müafiə edir: “Bəşər Əsədin tərəfində İran, Rusiya dövlətləri, “Hizbullah”, onların hərbi hissələri, hərbi müşavirləri vuruşur. Bəşər Əsəd Suriyanın bütövlüyünü və hakimiyyətini qoruyub saxlamağa çalışır. Onun hakimiyyəti o deməkdir ki, Suriyanın bütövlüyü qorunub saxlanılacaq. Amma başqaları, o cümlədən Türkiyə Suriyanın parçalanmasını istəyir. Türkiyə görür ki, ara qarışıb, məzhəb itib. Özünün Osmanlı mirasından qalma müəyyən ərazi iddiaları meydana çıxıb. Türkiyə istəyir ki, Suriyanın türkmənlərin yaşayan hissəsini, İraqın Mosul, Kərkük kimi ərazilərini ara lap qarışanda özünə birləşdirsin, Rusiya kimi hərəkət etsin. Necə ki, Rusiya Krımı birləşdirdi, Türkiyə də referendum keçirib bu əraziləri özünə birləşdirsin. Çünki artıq İraqda, Suriyada öz ərazisini qoruya biləcək güclü mərkəzi hakimiyyət yoxdur. Mən belə fikirləşirəm. Əks halda onlar qonşu ölkədə bu qədər qeyri-sabitlik və qırğınlar olmasını istəməzdilər. Çünki həmin qeyri-sabitlik Türkiyəyə, Türkiyənin bütövlüyünə də sirayət edir. Amma görünür, Türkiyə rəhbərliyi, Ərdoğan anlayıb ki, Qərb, Amerika Suriyadan əl çəkən deyil, o da öz qənimətini götürməyə çalışır”.
Politoloq qeyd edib ki, İŞİD-in Bəşər Əsədə qarşı vuruşan müttəfiqləri də var: “Əvvəl adı “Cəbhətül-Nüsra” idi. İndi olub “Cəbhətül fəth əş-Şam”, yənin “Şamın fəthi cəbhəsi”. Bu həmin “Cəbhətül-Nüsra”dır ki, vaxtilə “Əl-Qaidə”nin tərkib hissəsi idi və İŞİD-lə də çox yaxındır. İŞİD müxtəlif radikal islamçı qüvvələrin birliyidir. Bunlar hamısı Bəşər Əsədə qarşı vuruşur. Çünki Amerika nəyin bahasına olur olsun, Bəşər Əsədi devirmək qərarına gəlib. Ona hər dəfə deyəndə ki, hər hansı dövlətin rəhbərini xalq özü və ya daxili qüvvələr seçir, deyir “yox, o getməlidir”. Səddam Hüseyn devrilməzdən 6 ay əvvəl Bağdadda nəhəng nümayişlər gedirdi. Yüz minlərlə insan bağırırdı ki, “Səddam, ruhumuzla, qanımızla sənə qurbanıq”. Səddamı devirdilər, sonra həmin adamlar kəndiri atdılar onun heykəllərinin başına, aşırdılar. Özünü də tutub asdılar. Qəzzafi Liviyaya sərt nəzarət edirdi. Hamı onu görəndə diz çökürdü. Elə ki, Qərb radikalları ayağa qaldırdı, onları silahlandırdı, Tripolini, Benqazini və digər şəhərləri bombaladı, ondan sonra Qəzzafini də tutub öldürdülər. Yəni, əlinə silah verilmiş azsaylı radikalların xalq kimi qələmə verilməsi düzgün deyil. İndi də Suriyada kiçik bir silahlı qrup xalqın adından danışmağa can atır”.
Politoloq Hələbin mühüm şəhər olduğunu vurğulayıb: “Hələb Suriyanın iqtisadi paytaxtı idi. İndi isə heç nədir. Zəbt edilib, dağılıb, camaat qaçmağa yer tapmır. Ona görə öz məskənlərində yaşamağa davam edirlər. Hələb Dəməşqlə yanaşı ən mühüm tarixi şəhərdir. Onun çox hissəsini İŞİD ələ keçirmişdi, şəhər bölünmüşdü. Bəşər Əsədin qüvvələri şəhəri geri almağa çalışır. Ordunun isə buna gücü çatmır. Çünki müasir silahla silahlanmış 10-15 min İŞİD fəalları ələ keçirdikləri əsas qəniməti qoruyub saxlamağa çalışırlar. Onlar Hələbi itirsələr, hesab edin ki, Bəşər Əsəd müharibəni udub. Ona görə də Qərb şüvən salıb ki, Hələbdə dinc camaat ölür. Mosulda da dinc insanlar həlak olur da. Bombalayanda bomba baxmır ki, sən kimin tərəfdarısan”.
Z.Əlizadə qeyd edib ki, Hələbin taleyinin həll olunması ilə Suriyada 5 ildən artıqdır davam edən vətəndaş müharibəsinin gedişində dönüş yarana bilər: “Hərbi ekspertlər bildirirlər ki, bununla dönüş yarana bilər. Ona görə də Hələbdə hər iki tərəf var gücü ilə savaşır”.
Politoloq, həmçinin, Azad Suriya Ordusunun fəaliyyəti barədə də danışıb: “Təsəvvür edin ki, Azad Suriya Ordusu Suriya hökumətinin nümayəndəsini tutub asır, İŞİD isə başını kəsir. Edam olunan üçün bunun heç bir fərqi yoxdur. Amma qərbpərəstlər asanda onlar olurlar demokrat, İŞİD isə baş kəsəndə olur orta əsr təfəkkürlü. Bu mənada iki silahlı qüvvə arasında heç bir fərq yoxdur. Azad Suriya Ordusu radikal islamçılara nisbətən xeyli zəifdir”.
Rusiyanın Suriyaya müdaxiləsinin nə ilə yekunlaşacağına dair sualımızı cavablandıran Z.Əlizadə bu amilin Bəşər Əsəd rejiminin ömrünü uzatdığını, Suriyanın bütövlüyünü təmin etdiyini vurğulayıb: “Rusiya Suriyanın bütövlüyünün sual altına düşməsini, ölkənin dağılmasını istəmir. Bilirlər ki, Suriyadan sonra Türkiyəni, Türkiyədən sonra Rusiyanı Suriyanın gününə sala bilərlər”.
Suriya böhranının həlli ilə bağlı proqnozlarını bölüşən Z.Əlizadə deyib: “Mənim Suriyadakı hadisələrin gələcək inkişafına dair proqnozum yoxdur. Çünki qüvvələr nisbəti təxminən bərabərdir. Bütövlükdə Qərb və çoxlu pulu olan mürtəce ərəb rejimləri Bəşər Əsədə qarşıdır. Rusiya da dirənib. Basılacaq, basılmayacaq, bunu demək çətindir. Bəşər Əsəd də burda köməkçi rol oynayır. Hazırda Suriyada Qərblə Rusiyanın davası gedir. Həmin qüvvələr Suriyada öz mənafelərini müdafiə edirlər. Bu gün Suriya bu iki qüvvənin cıdır meydanıdır. Bəşər Əsəd rejimi də artıq oyuncaq rejimə çevrilib”.
Səxavət HƏMİD