ABŞ prezidenti Donald Tramp Pentaqona gedərək yeni müdafiə naziri Ceyms Mattisin andiçmə mərasiminə qatılıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Pentaqona səfəri zamanı prezident “ABŞ ordusunun böyüdülməsi və nüvə silahlarının modernizə edilməsini” nəzərdə tutan fərman imzalayıb.
Səfər zamanı yeni ABŞ prezidenti Pentaqonda “Tank” adı verilən xüsusi otaqda ordu generalları ilə bir araya gəlib. Bir saat davam edən görüşdən sonra Mattisin andiçmə mərasiminə qatılan prezident yeni müdafiə nazirini yüksək qiymətləndirdiyini deyib.
Mərasimin sonunda Tramp ABŞ ordusunun böyüdülməsi ilə əlaqədar qərarnamənin də olduğu iki prezident fərmanı imzalayıb. Bu fərmanların məzmunu rəsmi olaraq açıqlanmır. Ancaq ABŞ mediasında yer alan məlumatlara görə, fərmanlarda əsas məzmun ordunun böyüdülməsi, ABŞ Xüsusi Qüvvələrinin personalının sayının artırılması və nüvə silahlarının modernləşdirilməsinə dair məsələlər yer tutur.
Bəzi informasiyalara görə, fərmanda Pentaqona 30 gün ərzində İŞİD-lə mübarizə, təhsil, sursat kimi mövzularda ordunun hazırlığı ilə bağlı hesabat hazırlanması təlimatı da verilir.
ABŞ mediasının xəbərinə görə, qərarnamədə ABŞ-ın ən əhəmiyyətli rəqibləri olan Çin və Rusiyaya qarşı necə əməliyyatlar edəcəyi mövzusunda Pentaqondan araşdırma tələb edilir.
Cavad