“Rusiyadakı aksiyaların əhəmiyyəti sıfıra yaxınlaşır. Ona görə ki, hakimiyyət güclüdür, hələlik hakimiyyət daxlində çat yoxdur. Olsa, bəli, onlar camaatı küçəyə çıxaracaqlar. Amma hələlik Putin və onun komandası vəziyyətə tam nəzarət edir”.
Bunu Rusiyanın müxtəlif şəhərlərində keçirilən aksiyaları Teleqraf.com-a şərh edən politoloq Zərdüşt Əlizadə deyib. O qeyd edib ki, camaatı küçəyə çıxaran kəsim – liberal qanad xalq arasında hörmətini tamam itirib: “Keçən seçkilər də bunu aydın göstərdi. Onlara bir-iki faizdən artıq seçici səs vermədi. Onların inzibati, maliyyə, zəka potensialı yoxdur. Özləri üçün fəaliyyət göstərirlər. Onların heç bir gələcəyi, heç bir şansı yoxdur”.
Z.Əlizadə qeyd edib ki, həmin zümrə Rusiyanı Qərbin yolu ilə getməyə çağırır, Qərb isə hazırda Rusiyanın düşməni sayılır: “Belə bir şəraitdə onların heç bir şansı yoxdur”.
Politoloq bildirib ki, bu aksiya qəfildən meydana çıxmayıb, onun baş tutması üçün xeyli hazırlıq gedib: “İnternet işlədi, Aleksey Navalnı hesabatlarını çap elədi. Baş nazirin, digərlərinin oğurluğu sübut olundu. Navalnı Rusiyada böyük ziyarətlər həyata keçirdi, bir çox şəhərləri gəzdi. Onun seçki qərargahları açıldı. Bundan sonra kiçikmiqyaslı bir fəallıq nümayiş etdirdilər. Mitinqə çox məhdud sayda – heç nəzərə alınmayacaq dərəcədə adamlar çıxdı. Mən əminəm ki, bütün hadisələri – hətta bu aksiyaları da Putin hakimiyyəti sərt nəzarətdə saxlayır”.
Bəs, bu aksiyalara Qərbin hansısa dəstəyi varmı? Z.Əlizadə deyir ki, Qərbin Rusiya kimi nəhəng dövlətə təsir imkanları yoxdur: “Adlarını ifadə azadlığını pozan, seçkiləri qeyri-şəffaf, qeyri-demokratik, ədalətsiz keçirən hakimiyyətlərin siyahısına daxil edə bilərlər. Amma o hesabatlara fikir verən kimdir? Pul, silah, sərvət, hakimiyyət onlardadır”.
Politoloq qeyd edib ki, dünya açıq informasiya, maliyyə məkanıdır: “Dünyadakı bütün hadisələr bir-biri ilə bağlıdır. Müəyyən təsirləri var. Amma həlledici təsir deyil. Rusiya daxilində gedən proseslərin əsas qaymağı Rusiyadakı hadislərdir. Soros Fodunun fəaliyyətini həddən artıq şişirdirlər. Soros yazığın ağlına gəlməzdi ki, Gürcüstanda, Ukraynada inqilab etsin. Onlar sadəcə, təməl prinsipləri tələb edirlər. Ədalətli seçki, rüşvətsiz həyat, düzgün təhsil və sair. Amma əlbəttə, bu təməl prinsipləri pozan hakimiyyət axırda onu qazanır ki, hakim zümrədə çat yaranır, bir dəstə mafioz başqa bir dəstə mafiozu aşırır. Putin hələlik Rusiyada bütün hakim zümrəyə sərt nəzarət edir. Hakim zümrə mütəşəkkildir, parçalanma yoxdur. Rusiya yağlı tikədir. Onlar ordan yüz milyardlar oğurlayırlar. İmkan verərlərmi ki, belə yağlı tikə əldən çıxsın?! Bundan başqa Putini aşırmaq istəyən qüvvə yoxdur. Düzdür, vaxtilə Xodorkovski var idi, kommunistlərə, “Yabloko”ya, liberallara pul verirdi. Onu tutub içəri saldılar, 9 il yatandan sonra ağlı başına gəldi, çıxıb getdi xaricə. Ordan nələrsə danışır, heç kim qulaq asmır. O birilər də nəticə çıxardılar ki, bəli, onlar izlənilirlər, müqxalifətə hər hansı 3-5 rubl versələr, tutub onların analarını ağladarlar”.
Qeyd edək ki, martın 26-da Rusiyanın bir çox şəhərlərində antikorrupsiya mitinqi keçirilib. Ən kütləvi mitinqlər Moskva, Sankt-Peterburq, Novosibirsk, Yekaterinburq, Çelyabinsk və Vladivostokda baş tutub. Təkcə Moskvada 1000 nəfərdən çox insan, o cümlədən müxalifət lideri Aleksey Navalnı həbs olunub. Mitinqlərin təşkilatçıları kütləvi aksiyaların “Korrupsiya ilə mübarizə fondu”nun baş nazir Dmitri Medvedyevlə bağlı araşdırmasına hakimiyyətin diqqətini çəkmək üçün düzənləndiyini bildiriblər.
Səxavət HƏMİD