Xarici İşlər Nazirliyi Azərbaycanla Rusiya arasında dövlət sərhədinin demarkasiyası üzrə Birgə Komissiyanın növbəti – IV iclasının nəticələrinə dair məlumat yayıb. Teleqraf.com xəbər verir ki, məlumatda iclasın aprelin 13-17-də Bakıda keçirildiyi bildirilib.
Qeyd olunub ki, Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini, Azərbaycanla Rusiya arasında dövlət sərhədinin demarkasiyası üzrə Dövlət Komissiyasının sədri Xələf Xələfov, Rusiya nümayəndə heyətinə isə Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi, Rusiya ilə Azərbaycan arasında dövlət sərhədinin demarkasiyası üzrə Birgə Komissiyanın həmsədri Vadim Postnov rəhbərlik edib.
Birgə Komissiyanın iclasının işində hər iki ölkənin dövlət komissiyalarının üzvləri, əlaqədar dövlət orqanlarının nümayəndələri və ekspertləri, həmçinin sərhəd rayonlarının rəhbərləri iştirak ediblər.
İclasda, Azərbaycan-Rusiya dövlət sərhədinin demarkasiyasına aid olan məsələlər və görülmüş işlər ətrafında müzakirələr aparılıb, “Azərbaycan-Rusiya Birgə Komissiyasının 2017-ci il üzrə iş planı” təsdiq olunub, “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dövlət sərhəd xəttinin keçməsinin Təsviri-Protokolunun tərtib edilməsi qaydası haqqında Təlimat” layihəsi razılaşdırılaraq imzalanıb və yekun olaraq iclasın nəticələrinə dair protokol imzalanıb.
Əldə olunmuş razılaşmaların davamı olaraq Birgə Komissiyanın növbəti iclasının ilin III rübündə Moskvada keçirilməsi nəzərdə tutulur.
Səxavət