29 Aprel 2017 15:19
1 179
12 Punto 14 Punto 16 Punto 18 Punto

Koreya Xalq Demokratik Respublikası (KXDR) bu gün səhər yenidən ballistik raket sınağı keçirib.

Teleqraf.com xəbər verir ki, ABŞ, Yaponiya və Cənubi Koreya sınağın uğursuzluqla nəticələndiyini bildiriblər.

Növbəti raket sınağı BMT Təhlükəsizlik Şurasının xüsusi iclasının başa çatmasından bir neçə saat sonraya təsadüf edib. Həmin iclasda ABŞ KXDR-in beynəlxalq təcridinin gücləndirilməsinin vacibliyini təklif edib, bu ölkəyə tətbiq olunmuş sanksiyaları şiddətləndirməyə hazır olduğunu vurğulayıb. Cənubi Koreya isə KXDR-in BMT üzvlüyündə qalıb-qalmaması barədə ciddi düşünməyi təklif edib.

Bir ayda üçüncü uğursuz cəhd

Cənubi Koreya Ordusu bildirib ki, raket sınağı bu gün yerli vaxtla 05:30-da ölkənin şimal-şərqindəki Pukçxan rayonunda həyata keçirilib. Raket ilk vaxtlar normal uçuş həyata keçirib, ancaq az sonra yaponiyalı və amerikalı mütəxəssislər raketin buraxıldığı ərazidən 50 kilometr uzağa – Şimali Koreya ərazisinə düşdüyünü qeydə alıblar.

Raketin növü dəqiq müəyyənləşdirilməyib. Cənubi Koreyalı mütəxəssislər onun “Skud ER”, amerikalı hərbçilər isə orta mənzilli KN-17 raketi olduğu qənaətinə gəliblər.

Sonuncu ballistik raket sınağı Şimali Koreyanın aprel ayında həyata keçirdiyi üçüncü sınaq olub. Onların hər üçü uğursuzluqla nəticələnib.

Gözlənilən reaksiyalar

ABŞ, Cənubi Koreya və Yaponiyanın reaksiyası gözlənildiyi kimi olub. Raket atışı barədə məlumat açıqlandıqdan 1 saat sonra jurnalistlər önünə çıxan Yaponiya hökumətinin baş katibi Yosixide Suqa Pxenyanın addımını “BMT Təhlükəsizlik Şurasının qətnaməsini açıq-aşkar pozmaq” adlandırıb.

Cənubi Koreya Xarici İşlər Nazirliyinin nümayəndəsi KXDR-in “odla oynadığını” bəyan edib.

ABŞ Prezidenti Donald Tramp Tvitterdəki mikrobluqunda KXDR-in bu addımını Pxenyanın Çinlə münasibətlərinə hörmətsizlik kimi qiymətləndirib.

Bundan əlavə KİV-lər Vaşinqtonun Pxenyana sanksiyaları genişləndirə biləcəyini vurğulayıblar.

Niyə məhz indi?

Koreya yarımadasında gərginlik KXDR-in silsilə raket sınaqları keçirməsi səbəbindən və Pxenyanın nüvə silahı sınaqdan keçirmək istəməsinə dair xəbərlərin yayılmasından sonra son aylar xüsusilə artıb. Beynəlxalq ekspertlər bildirirlər ki, KXDR-in son raket sınaqları BMT Təhlükəsizlik Şurasının iclasına cavabdır.

Öz növbəsində Yaponiyanın NHK telekanalı diplomatik dairələrə istinadən məlumat yayıb ki, KXDR-in ballistik raket sınaqları D.Trampın prezidentliyinin ilk 100 günü ilə bağlıdır.

Səxavət


Müəllif:

Oxşar xəbərlər