Teleqraf.com xəbər verir ki, Suriya və İraqdakı kürd xəbər saytlarının informasiyasına görə, Tabka ərazisi İŞİD-dən alındıqdan sonra, terror təşkilatının xilafətin paytaxtı elan etdiyi Rakka 3 istiqamətdən mühasirəyə alınıb. Şəhərin mərkəzinə sıx bağlı olan kəndlərdə ciddi qarşıdurma olsa da, şərq istiqamətində Nemrat Nasir qəsəbəsinin böyük hissəsi İŞİD-dən təmizlənib.
Qeyd edək ki, ABŞ-ın liderliyində qurulan antiterror koalisiyası havadan quruda keçirilən hücumlara dəstək verir. PKK-nın Suriya qolu olan YPG-nin yaratdığı Demokratik Suriya Gücləri (DSG) “Fəratın qəzəbi” əməliyyatı çərçivəsində Rakkaya hücumlar təşkil edib. Amerikanın əməliyyat üçün YPG-yə verdiyi silahlar isə Qamışlıdan yük maşınlarına doldurularaq Rakka əməliyyatında iştirak edən kürd hərbi qüvvələrinə çatdırılır.