30 May 2017 17:18
880
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın müşaviri, professor Seyid Sertçeliyin “Rus və erməni mənbələri işığında erməni problemi” adlı ikicildlik əsərinin Azərbaycan dilinə tərcüməsinin təqdimat mərasimi keçirilib.

Teleqraf.com xəbər verir ki, “Turkiş Petrolium Overseas Company Ltd” (TPAO) şirkətinin maliyyə dəstəyi ilə Türkiyədə nəşr olunan kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub və heç bir kommersiya məqsədi güdülmədən Azərbaycan rəsmilərinə, tədris müəssisələrinə (universitet və məktəblər) eləcə də digər ictimai qurum və təşkilatlara paylanılacaq.

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral ərsəyə gələn kitabın türk keçmişi barədə önəmli bir mənbə olduğunu qeyd edib: “Seyid bəy rus arxivlərində çalışıb və qiymətli əsər yazıb. O, uydurma erməni soyqırımı məsələsinin köklərinin keçmişə dayandığını sənəd və faktlarla sübut edib. Hesab edirəm ki, tarix ondan dərs alsaq, təkrarlanmaz. Əks halda tarix həmişə təkrarlanır. Ermənilərin türklər haqda yalanları dünyanı 7 dəfədən çox dolaşıb. Gerçəyi ortaya çıxarmalı, dünya ictimaiyyətini həqiqətlə üz-üzə gətirməliyik. Seyid bəy kitabında ermənilərin fəaliyyətinin bütün mahiyyətini açıb. Əslində Anadolu və Azərbaycandakı qətliamlar tamın parçasıdır, hədəf bir olub. Ermənilər türklərlə azərbaycanlıların bir millət olduğunu bilir və buna uyğun iş görür. Həmişə düşmənlərimizə qarşı ortaq mücadilə verməliyik. Çünki birlikdən qüvvət doğar”.

Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun sədri Əhiman Əmiraslanov Seyid Sertçeliyin kitabının ölkənin ictimai-siyasi həyatında mühüm əhəmiyyət kəsb edən hadisə olduğunu vurğulayıb: “Son illər türk tədqiqatçıları və azərbaycanlı mütəxəssislərin tədqiqatlarının xarici dillərə tərcüməsində müəyyən uğurlar olsa da, erməni vandalizminin ifşa edilməsi üçün çox böyük işlər görülməlidir. Bu kitablar orta və ali məktəblərin kitabxanalarına verilməlidir. Qarabağ hadisələri yaşanan vaxt Milanda konfransdaydıq. Küçədə “Dağlıq Qarabağ Ermənistan torpaqlarıdır” afişasını görüb təəccüblənmişdim. Yanımda olan italyan professor soruşdu ki, etiraz edirsiniz, Şuşa, Xankəndi Ermənistanın deyilmi? Dedim, əlbəttə, yox, Azərbaycan torpaqlarıdır. O zaman başa düşdüm ki, təbliğat məsələsində xeyli geridə qalmışıq”.

Akademik Nizami Cəfərov qeyd edib ki, Seyid Sertçeliyin qələmə aldığı kitab zəngin faktlara əsaslanıb: “Kitabda publik olaraq erməni əleyhinə söz yazılmayıb, güclü ümumiləşmələr aparılıb, həqiqət sənəd və sübutlarla göstərilib, bir sözlə, kitab ermənilərə qarşı aqressiya ilə yazılmayıb. Bizim bəzi kitabların zəif cəhəti odur ki, aqressiya, emosiya çox, fakt isə az olur. Erməni problemi XVI əsrdən ortaya çıxıb, düzdür, XX əsrin əvvəllərində müəyyən mülahizələr olub, amma çox sonralar bu məsələ ilə məşğul olmuşuq. 5 əsrlik yalana 5 gündə cavab vermək çətindir. Bir əhvalat danışım, Budapeştdə Yaqub Mahmudov və o vaxtki səfirimiz Həsən Həsənovla restoranların birində oturmuşduq, musiqiçilərə təklif elədik ki, Azərbaycan musiqisi bilirsinizsə, dinləmək istərdik. Musiqiçilər Azərbaycan mahnılarını bilmədiklırini dedilər. Mən dedim indi söyləyəcəyəm, çalacaqlar.Həsən müəllim də dedi ki, mən səfirəm, dedim çalmadılar, necə çalacaqlar? Musiqiçilərə yaxınlaşdım ki, erməni mahnısı bilirsinizmi, qayıtdılar ki, əlbəttə bilirik, bizim mahnılarımızdan ifa etməyə başladılar. Elə bu fakt göstərir ki, ermənilər hələ uzun müddət öncədən təbliğata başlayıb”.

Deputatlar Məlahət İbrahimqızı və Musa Qasımlı kitabın əhəmiyyəti barədə geniş danışıblar.

Seyid Sertçelik tələbəlik vaxtı Moskva və digər şəhərlərdə uzun müddət rus arxivlərində çalışdığını qeyd edib. Onun sözlərinə görə, xüsusi icazə ilə dövlət, o cümlədən Rusiya XİN-in arxivində işləmək üçün çətinliklə icazə ala bilib: “Yüz minlərlə sənəd üzərində tədqiqat aparmışam. Erməni məsələsi xarici problemlər sırasında öndə dayanır. Rus arxivlərində çalışan ilk Türkiyə vətəndaşıyam. O sənədlərlə məndən əvvəl heç bir türkün çalışdığını görməmişəm. O müddətdə bəzi azərbaycanlı tarixçilərdən sayavı xüsusi diqqətlə araşdırılma aparılmayıb. Erməni problemi Türkiyə torpaqları üzərində erməni dövlətinin qurulması ideyası əsasında yaranıb. Bunun üçün siyasi mücadilə aparılıb. Erməni probleminin1878-ci il Berlin razılaşmasından sonra ortaya çıxdığı hesab edilirdi. Lakin mən araşdırmalardan sonra bunun daha keçmişə söykəndiyini gördüm".

Müəlif bildirib ki tarixi qaynaqlarda 2 əsr öncə Ermənilərin İranda dövlət yaratmaq istəkləri ilə bağlı faktlar var. O bildirib ki, Türkmənçay müqaviləsindən sonra 40 min erməninin Dağlıq Qarabağa köçürülməsi ilə Dağlıq Qarabağ problemi yaranıb. O, daha sonra erməni problemininin Anadoluya yayılması, eləcə də Azərbaycanda ermənilər tərəfindən törədilən hadisələri tarixi faktlara izah edib.


Müəllif: Nərgiz

Oxşar xəbərlər