7 Sentyabr 2017 17:49
1 350
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verdiyimiz kimi, bu gün Bakıda Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimovla NATO Hərbi Komitəsinin rəhbəri, general-polkovnik Petr Pavel görüş keçiriləcək. Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumata görə, danışıqlar zamanı beynəlxalq təhlükəsizliyin aktual məsələləri müzakirə ediləcək. Bəs, Petr Pavel kimdir? Hansı ölkənin təmsilçisidir?

Teleqraf.com NATO generalının kimliyi ilə bağlı hazırladığı qısa arayışı təqdim edir.

Petr Pavel 1 noyabr 1961-ci ildə Çexoslovakiyanın Plzen diyarının Plana şəhərində (hazırda Çex Respublikasına aiddir) anadan olub. 1975-79-cu illərdə Opava şəhərində hərbi gimnaziyada oxuyub, bundan sonra Vişkov şəhərində Hərbi İnstitutda quru qoşunları ixtisası üzrə təhsil alıb. Buranı 1983-cü ildə bitirib. 1988-91-ci illərdə Brno şəhərində Hərbi Akademiyada oxuyub. Sonrakı 15 il ərzində – 2006-cı ilədək P.Pavel ali rütbəli zabitlər üçün müxtəlif Avropa ölkələrində keçirilən ixtisasartırma kurslarında iştirak edib.

P.Pavelin hərbi karyerası 1983-cü ildə Çexoslovakiya ordusunda taqım komandiri vəzifəsində başlayıb. 1991-ci ildə onun xidmət yeri Çexiya hərbi kəşfiyyatına keçirilib. 1993-1994-cü illərdə Çexiyanın Belçikadakı hərbi attaşesi təyin olunub.

1992-ci ilin sonu 1993-cü ilin əvvəlində podpolkovnik rütbəsində Xorvatiyada BMT sülhməramlı missiyası çərçivəsində serb və xorvat döyüşçülər arasında qalmış 50 fransız hərbçisinin xilas edilməsi əməliyyatı zamanı fərqlənib. Buna görə Fransanın “Hərbi cəsarət” bürünc mükafatı ilə təltif olunub. Mükafatı ona Fransanın müdafiə naziri Fransua Leotar təqdim edib. Həmçinin, Çexiyanın “İgidliyə görə” medalı ilə mükafatlandırılıb.

1 iyul 2011-ci ildə Pavel Çexiya Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini təyin edilib. 29 iyun 2012-ci ildə Prezident Vatslav Klaus onu Baş Qərargah rəisi təyin edib. Həmin ilin iyulun 3-də Fransanın Çexiyadakı səfiri general-poruçik P.Paveli “Fəxri Legion” ordeni ilə təltif edib.

2014-cü ilin iyulunda Boquslav Sabotki hökuməti ordu generalı Petr Pavelin namizədliyini NATO Hərbi Komitəsinin 2015-2018-ci illər üçün sədri postuna təqdim edir. 2014-ci ilin sentyabrın 20-də NATO Hərbi Komitəsinin iclasında çex general yunanıstanlı və italiyalı namizədlərdən daha çox səs alaraq bu posta seçilir. 2015-ci ilin iyununda vəsifəsini icrasına başlayıb.

Çexiyanın NATO-dakı səfiri Yirji Şedivının fikrincə, general Pavel bir çoxlarına özünün şəxsi keyfiyyətləri sayəsində qalib gəlib. Onun sözlərinə görə, bunlar peşəkarlıq və şəxsi ləyaqət, razılığa gəlmək və ağıllı qərarlar qəbul etmək bacarığır. Bundan başqa, səfirin sözlərinə görə, Petr Pavelin namizədliyini ABŞ-da birmənalı olaraq dəstəkləyib. “Alyans ölkələrinin baş qərargah rəisləri hörmət etmədikləri şəxsi özlərinə rəhbər seçmirlər. General Pavelin şəxsində onlar güclü, xarizmatik şəxsiyyət görürlər”, - deyə Çexiya səfiri bildirib.

P.Pavel Çexiya ordusunda 2002-ci ildə briqada generalı, 2010-cu ildə general-mayor, 2012-ci ildə general-poruçik, 2014-cü ildə isə ordu generalı rütbəsinə layiq görülüb.

İngilis, fransız, rus dillərini bilir, mühəndis elmi dərəcəsinə malikdir. Evli, iki oğlu olan general indiyədək bir sıra ölkələrin fəxri adlarına, orden və medallarına layiq görülüb. O, NATO Hərbi Komitəsinə rəhbərlik edən, NATO ierarxiyasında ikinci şəxs statusuna sahib olan ilk Şərqi Avropa ölkəsi vətəndaşıdır.


Müəllif: Səxavət