Kiyevin mərkəzində avtomobilin partlaması nəticəsində zərərçəkənlərdən biri “Dior”un modelidir.
Teleqraf.com xəbər verir ki, bu barədə “112 Ukrayna” telekanalının efirində onun rəfiqəsi bildirib:
“Onun adı Natalyadır. O, dünyaca məşhur modeldir. Natalya “Dior” brendinin simasıdır”.
Kanalın həmsöhbəti daha ətraflı məlumat verməkdən imtina edib və Natalyanın hansı soyadı daşıdığını bilmədiyini vurğulayıb.
Onun sözlərinə görə, Natalya sentyabrın 8-də gecə əməliyyat edilib.
Qeyd edək ki, sentyabrın 8-də Kiyevin mərkəzindəki Bessarabiya bazarında avtomobil partladılıb. Çeçen əsilli sürücü, Gürcüstan vətəndaşı Timur Maxauri hadisə yerində həlak olub. Onun sərnişini ciddi xəsarətlərlə xəstəxanaya çatdırılıb.
Maşında bir uşaq da olub, amma o, xəsarət almayıb. Natalyanın rəfiqəsinin sözlərinə görə, Anton adlı uşağın 6 yaşı var.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, Maxauri “müxtəlif çeçen dairələri ilə dayanıqlı əlaqələrə” malik olub və vaxtilə qeyri-qanuni silah gəzdirməyə görə şərti cəza alıb. Ukrayna KİV-ləri bildiriblər ki, Maxauri çeçen könüllülərindən ibarət “Şeyx Mansur” taborunun tərkibində Donbasda döyüşüb.
Ukrayna Daxili İşlər Nazirliyi qəsdən adam öldürmə maddəsi ilə cinayət işi qaldırılıb.