Noyabrın 24-də Brüsseldə Şərq Tərəfdaşlığı sammiti keçiriləcək.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, sammit zamanı Avropa Birliyi-Ermənistan arasında sazişin imzalanması planlaşdırılır.
Erməni mediasında yer alan məlumata görə, məlum sazişin imzalanması real görünmür.
Rəsmi Ermənistanın üzərinə götürdüyü öhdəliklərin hamısının yerinə yetirməsi ilə bağlı açıqlamasına baxmayaraq, sazişin imzalanması elə İrəvana görə ləğv edilə bilər. Daha dəqiq desək, Ermənistanın daxilindəki siyasi qeyri-müəyyənlik sazişin imzalanmasına mane olur. Avropa Birliyinin nümayəndələri hələ də 2018-ci il aprelin 9-dan sonra Ermənistanı kimin idarə edəcəyini müəyyənləşdirə bilməyiblər.
Qeyd edək ki, gələn il aprelin 9-da hazırki prezident Serj Sərkisyanın səlahiyyət müddəti başa çatır və Ermənistan parlament idarə üsuluna keçir. Bu saziş isə Ermənistanın növbəti rəhbərliyi ilə razılaşdırılmalıdır. Avropa Birliyi əmin olmaq istəyir ki, Ermənistanın yeni rəhbərliyi bu sazişə əməl edəcək.
Avropa Birliyinin bu narahatlığının tutarlı və obyektiv səbəbləri var. Ermənistanın hazırki baş naziri Karen Karapetyan bəyan edib ki, o, növbəti hökumətdə də baş nazir vəzifəsində qalacaq.
Bəs Avropa Birliyi Karapetyana güvənli tərəfdaş kimi baxa bilər?
Bu suala cavab vermək üçün Karapetyanın keçmişinə və baş nazir vəzifəsinə gəldikdən sonra gördüyü işlərə baxmaq kifayətdir.
Onun həyatının böyük hissəsi Rusiyanın “Qazprom” şirkəti ilə bağlıdır. Baş nazir olduqdan sonra da Karapetyan Rusiyaya sadiqliyini bir neçə dəfə sübut edib. Verdiyi açıqlamalardan birində o, Avropa Birliyi ilə sazişi lazımsız adlandırıb.
Avropa Birliyi nümayəndələri düşünür ki, Karapetyan yenidən baş nazir olsa, Rusiya ilə əlaqələri qorumaq üçün bu sazişdən imtina edəcək.