İsrail və Səudiyyə Ərəbistanının İrana qarşı məxfi əməkdaşlıq etdiyi ortaya çıxıb.
Teleqraf.com xarici mediaya istinadla bildirir ki, İsrailin Energetika naziri Steinitz Tehrana qarşı Səudiyyə Ərəbistanı ilə birlikdə hərəkət etdiklərini, lakin Ər-Riyadın istəyi əsasında bu əməkdaşlığı gizli saxladıqlarını elan edib.
Ərəb Birliyinin Xarici İşlər nazirlərinin fövqəladə toplantısında isə Ər-Riyad bəyan edib ki, İranın hücumları qarşılıqsız qalmayacaq. Ərəb Birliyinin toplantısının nəticəsi olaraq Livandakı “Hizbullah” terror təşkilatı elan edilib.
Ərəb-İran münasibətlərinin mürəkkəb olduğu ərəfədə İsraildən şok açıqlama gəlib.
İsrailin Energetika naziri Yuval Steinitz bildirib ki, ölkəsinin bir çox müsəlman və ərəb ölkəsi ilə gizli münasibətləri var:
“Bu münasibətlərə görə utanan tərəf biz deyilik. Bu münasibətlərin məxfi saxlanılmasını istəyən qarşı tərəfdir. Bizim üçün problem deyil, lakin qarşı tərəfin istəyinə hörmətlə yanaşırıq”.
Qeyd edək ki, ötən həftə Səudiyyə Ərəbistanın “İlaf” qəzetinə müsahibə verən İsrail Silahlı Qüvvələrinin baş qərargah rəisi Eisenkot bir müddət əvvəl İrana qarşı Səudiyyə Ərəbistanı və digər liberal ərəb ölkələri ilə təcrübə və kəşfiyyat məlumatlarını paylaşmağa hazır olduqlarını ifadə etmişdi.
Baş qərargah rəisi bildirmişdi ki, yeni plan ABŞ Prezidenti Donald Tramp tərəfindən irəli sürülüb.
Mütəxəssislər hesab edirlər ki, Təl Əviv və Ər-Riyad İrandan narahatlıq duyurlar. Elə bu səbəbdən də Ərəb Birliyinin Xarici İşlər nazirləri fövqəladə toplantı keçiriblər. Bu toplantıda Səudiyyə Xarici İşlər naziri elan edib ki, İranın hərəkətləri cavabsız qalmayacaq.
Livanın baş naziri Sad Həririnin Ər-Riyadda istefa verməsi isə bu iki ölkə arasında münasibətləri də bir qədər də mürəkkəbləşdirib. Səudiyyənin Xarici İşlər naziri Adil əl Cubeyr vəziyyəti şərh edərkən İranı qınadıqlarını, lazım gəlsə, beyməlxalq təhlükəsizliyi qorumaqda tərəddüd etməyəcəklərini xatırladıb.
Bəhreynin Xarici İşlər naziri Şeyx Xalid bin Əhməd əl-Xəlifə də İranın “Hizbullah” vasitəsilə Livanı tam nəzarət altında saxladığını, “Hizbullah”ın terrorçu təşkilat kimi İranın regiona uzanan qolu olduğunu deyib.
Ərəb Birliyinin Baş katibi Əhməd Ebu Qayt isə ərəb ölkələrinin bu mərhələdə İranla müharibəyə getməyəcəyini deyib. Onun sözlərinə görə, Xarici İşlər nazirlərinin toplantısında “Hizbullah” terror təşkilatı kimi tanınıb.
Məlum olub ki, toplantıda Livan nümayəndə heyətinin ən çox etiraz etdiyi məsələ “Hizbullah”la bağlı məqamlar olub. İraq da bu məsələyə etirazını ifadə edib. Toplantıda İrandan BMT-nin Təhlükəsizlik Şurasına şikayət edilməsi qərara alınıb.
Qeyd edək ki, Livan Baş naziri Sad Həririnin istefası, Yəməndən Ər-Riyada raket atılması kimi hadisələrdən sonra Tehran və Ər-Riyad bir-birlərini müharibə ilə təhdid edib. Sad Həriri isə artıq Parisdə səfərdə olub, hazırda Misirdədir və yaxın günlərdə Beyruta qayıdacaq. Buna qədər iddia edilirdi ki, Həriri Səudiyyədə girov saxlanılır və Ər-Riyadın təzyiqləri ilə istefaya gedib. Beyrutdan gələn siqnallara görə, Baş nazir Sad Həririnin postunu onun qohumu Baha Həriri tuta bilər. Politoloqlar isə Sad Həririnin istefasından sonra Prezident Ruhani “Livanda heç bir qərar İran olmadan verilə bilməz” bəyanatının həqiqəti əks etdirdiyini düşünürlər.
Suriya və İraqda Haşdi-Şəbi qüvvələri ilə gücünə güc qatan İran hazırda Yəməndə sözün həqiqi mənasında Səudiyyə Ərəbistanı ilə mübarizə aparır. Tərəflər son dövrlər Livanda da üz-üzə gəlirdi. “Hizbullah”ın Yəmən və Suriya müharibəsində artan rolu səbəbindən İran və Səudiyyə Ərəbistanı münasibətləri bir qədər də zədələnmiş oldu. Livandakı “Hizbullah” və digər şiə qrupları İran istiqamətli siyasətə dəstək verirdi. Baş nazir Sad Həriri və digər süni partiyalar Səudiyyə Ərəbistanı meylli siyasətin tərəfdarları idi. Məhz bu səbəbdən də Həririnin istefası Livanda Səudiyyəyə meylli qüvvələrin məğlubiyyəti kimi başa düşülür.