BMT-nin Baş Assambleyasının bu gün keçirilən iclasında ABŞ-ın Qüdsü İsrailin paytaxtı qismində tanınması ilə bağlı qərarına dair səsvermə başa çatıb.
Teleqraf.com Anadolu agentliyinə istinadla xəbər verir ki, 128 ölkə ABŞ-a qarşı çıxıb. Cəmi 9 ölkə Birləşmiş Ştatların qərarını dəstəkləyib.
Qeyd edək ki, iclas İslam Əməkdaşlıq Təşkilatı adından çıxış edən Türkiyə və Yəmənin təşəbbüsü ilə keçirilib.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp dekabrın 6-da Qüdsün İsrailin paytaxtı kimi tanınması barədə bəyanatla çıxış edib. Ağ evin başçısı, həmçinin Amerika səfirliyinin Təl-Əvivdən Qüdsə köçürülməsi üçün Dövlət Departamentinə göstəriş verib. Regionda vəziyyəti gərginləşdirən bu addım bir çox dünya liderləri və beynəlxalq təşkilatlar tərəfindən etirazla qarşılanıb.