Hərbi çevriliş nəticəsində prezidentlikdən devrilən Zimbabvenin sabiq prezidenti Robert Muqabe ilə bağlı maraqlı faktlar ortaya çıxıb.
Teleqraf.com xəbər verir ki, hərbi çevriliş zamanı Robert Muqabeyə prezidentlikdən öz razılığı ilə ayrılarsa, bu zaman ona sərvət veriləcəyi, ətrafında çalışan insanların əmək haqları və xidməti avtomobillərinin yanacağının dövlət büdcəsindən ödəniləcəyi təklif edilib.
Zimbabve hökumətinin nəzarətində olan “Herald” qəzetinin xəbərinə görə, 93 yaşlı sabiq prezidentin 6 mühafizəçisi və 20 köməkçisi olacaq. Bu şəxslərin də əmək haqları dövlət tərəfindən ödəniləcək. Bundan başqa, Muqabenin 52 yaşlı xanımı Qracenin ölkə daxili və xaricinə pulsuz uçuş haqqı tanınacaq.
Robert Muqabeyə dövlət tərəfindən 3 xidməti avtomobil ayrılacaq və onların yanacağı da dövlət tərəfindən qarşılanacaq.
Zimbabve mediası iddia edib ki, Muqabeyə prezidentlikdən könüllü imtinası üçün 10 milyon dollar ödənilib. Lakin hökumət bu iddiaların əsassız olduğunu bəyan edib.
Hazırda keçmiş prezidentə paytaxt Harare yaxınlığında rəsmi ev veriləcək. Muqabe və xanımı tibbi xidmətdən də fasiləsiz və pulsuz istifadə edə biləcək.