Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarı Zeyd Raad əl-Hüseyn İranda nümayişlər zamanı güc tətbiq edilməsi hallarının müstəqil və hərtərəfli araşdırılmasına çağırış edib.
Teleqraf.com-un TASS-a istinadən xəbərinə görə, bu barədə BMT Ali Komissarının cümə axşamı Cenevrədə yayılan bəyanatında bildirilir.
Zeyd Raad əl-Hüseyn deyib ki, İran səlahiyyətliləri küçə nümayişlərinin qarşısını alarkən diqqətli olmalı, zorakılığa yol verilməməlidir.
Əl-Hüseyn vurğulayıb ki, İranda keçirilən etirazlarda 20-dən çox insan həlak olub, yüzlərlə adam saxlanılıb: "Bütün şiddət hadisələri hərtərəfli, müstəqil və qərəzsiz araşdırılmalıdır. Tehran hakimiyyəti aksiyaların qarşısını alarkən, beynəlxalq hüquq normalarına əməl etməlidir".