Yanvarın 23-dən 26-dək İsveçrənin Davos şəhərində ənənəvi Dünya İqtisadi Forumu keçiriləcək.
Teleqraf.com xəbər verir ki, 1971-ci ildən üzü bəri sayca 48-ci dəfə keçiriləcək forumun mövzusu belə adlanır: “Dünyanın üzləşdiyi siyasi və sosial-iqtisadi problemlərin həlli istiqamətində səmərəli tədbirlər və onları doğuran əsaslı səbəblərin axtarışı”.
Forum bütün dünyadan siyasi və biznes-elita nümayəndələrinin, ekspertlərin bir araya gəldiyi ən geniş meydança hesab olunur. Bu dəfə Davosa 100 ölkədən 3 min nümayəndənin, o cümlədən 50 dövlət və hökumət başçısının gəlişi gözlənilir. Ancaq budəfəki forumun digərlərindən fərqli olacağı dəqiqdir. Belə ki, qonaqlar arasında 2017-cı il yanvarın 20-dən ABŞ Prezidenti kürsüsündə əyləşən Donald Tramp da var. Bunu yanvarın 10-da Ağ Evin mətbuat katibi Sara Sanders açıqlayıb. Özü də Tramp Davosa nə az, nə çox, düz 14 nəfəlik nümayəndə heyəti ilə gəlir. Heyətə kabinetin önəmli üzvləri, müşavirlər və köməkçilər daxildir. Ağ evdən dəqiqləşdiriblər ki, nümayəndə heyətində 8 nazirlik və idarə başçısı təmsil olunur. O, cümlədən dövlət katibi Reks Tillersonun, ticarət naziri Uilbur Rossun, energetika naziri Rik Perrinin, daxili təhlükəsizlik naziri Kirsten Nilsenin forumda iştirakı planlaşdırılır.
Bundan əlavə Trampı Davosda baş müşaviri, həm də kürəkəni olan Cared Kuşner, Ağ Ev aparatının rəhbəri Con Kelli və başqaları müşayiət edəcək.
D.Tramp özü isə son 18 ildə Davosu ziyarət etməyə qərar verən ilk ABŞ Prezidentidir. Belə ki, sonuncu dəfə Dünya İqtisadi Forumunda iştirak etmək üçün Davosda olan ABŞ Prezidenti Bill Klinton olub. Ümumilikdə, isə Tramp Dünya İqtisadi Forumunun yaradıldığı 1971-ci ildən indiyədək bu forumu ziyarət edən ikinci ABŞ Prezidenti olacaq.
Qeyd edək ki, amerikalı liderlər əksər hallarda biznes-elitanın olduğu yerləri ziyarət etməkdən özlərini çəkindirirlər. Bu, bir çox hallarda ABŞ vətəndaşlarının və KİV-lərinin reaksiyasından qorxmaqdan irəli gəlir. Belə ki, bu zaman onların nüfuzlu biznesmenlərlə dostluğu, onların lobbiçiliyini etməsi görüntüsü yarana bilər. D.Tramp özü də seçki kampaniyası zamanı lobbiçiləri və sabit siyasi və biznes-isteblişmentini nəzərdə tutaraq “Vaşinqtondakı bataqlığı qurutmağı” söz vermişdi. ABŞ Prezidenti bu vədi yerinə yetirməyin elementi kimi ötən il Davosa getməkdən imtina etmişdi. Hərçənd ki, 47-ci forum keçirilən günlərdə D.Tramp ABŞ Prezidenti kimi vəzifə səlahiyyətlərinin icrasına hələ başlamamışdı. Birləşmiş Ştatları ötən il Dünya İqtisadi Forumunda D.Trampın tərəfdarı, biznesmen Entoni Skaramuççi təmsil etmişdi. Bu il isə Tramp Davosu ziyarət etməkdə qərarlıdır. Forumun təşkilatçıları Trampı bu il də Davosda gözləmirdilər. Amma Ağ evin mətbuat katibi Sara Sandersin açıqlaması hamı üçün gözlənilməz oldu. Məlum oldu ki, prezidentin Davosa getmək planı bu barədə rəsmi məlumat açıqlananadək məxfi saxlanılıb.
Mətbuat katibinin açıqlamasından ABŞ Prezidentinin həmkarlarına, dünyanın aparıcı siyasətçilərinə və nəhəng biznes qurumlarının başçılarına, onların nümayəndələrinə nədən danışacağı da məlum oldu. Belə ki, cənab Tramp Davosda ABŞ-ın inkişaf etməsini, güclənməsini zəruri edən səbəblər barədə danışmağa hazırlaşır. Trampın əsas ismarıcı onun seçkiqabağı strategiyası – “Amerika First” (“İlk növbədə Amerika”) təşəbbüsü barədə olacaq. “Prezident özünün “Amerika First” strategiyasını dünya liderləri ilə bölüşmək imkanını alqışlayır. Prezident builki Dünya İqtisadi Forumu vasitəsilə amerikan biznesi, amerikan müəssisələri və amerikalı işçilərin möhkəmlənməsinə yönəlmiş siyasətini inkişaf etdirməyi planlaşdırır”, deyə xanım Sanders bildirib.