Misir, ABŞ, Almaniya və Fransadan sonra İran da Türkiyənin Afrin əməliyyatına reaksiya verib.
Teleqraf.com türk mediasına istinadla xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi əməliyyatın bölgədəki terrorçuları gücləndirəcəyini bəyan edərək sözügedən hərəkatın sona çatdırılması çağırışı ilə çıxış edib.
Onun sözlərinə görə, Türkiyə Silahlı Qüvvələrinin terrora qarşı başlatdığı əməliyyat bölgədəki terror aktlarını çoxalda, terroru dayandırmaq əvəzinə terrorçuları daha da gücləndirə bilər.
Qasimi Afrin əməliyyatını dayandırmaq çağırışı edib.
Qeyd edək ki, Suriya sərhədlərində və bölgədə təhlükəsizliyi təmin etmək, PKK/KCK/PYD-YPG və İŞİD qruplaşmalarına mənsub terrorçuları zərərsizləşdirmək məqsədilə Türkiyənin Afrin bölgəsində başlatdığı “Zeytun budağı” əməliyyatına ABŞ, Misir, Fransa, Almaniya və İrandan mənfi reaksiya gəlib.