12 Fevral 2018 09:30
6 886
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyada ən dəhşətli və macəralı casus oyunları SSRİ ilə ABŞ arasında, “soyuq müharibə” dönəmində yaşanıb. Bu macəralı oyunların ən dəhşətlisi isə Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) əməkdaşı Oldric Emesin həyat yoldaşının zəngin yaşam tərzi sürdürməsi üçün ABŞ-ın SSRİ-dəki agentlərinin siyahısını SSRİ KQB-sinə satması olub. Məhz onun sayəsində KQB SSRİ məkanında Amerikaya casusluq edən yüzlərlə insanı öldürüb.

Teleqraf.com MKİ-nin bu dəhşətli əməkdaşının fəaliyyətinin ən ilginc hissələrini təqdim edir:

Oldric Emes MKİ-nin əks-kəşfiyyatçısı və analitiki. Emes 1962-ci ildə MKİ-nin agentlərinin uşaqları ilə bağlı aşağı səviyyəli işdən bu təşkilatın analitiki səviyyəsinə çatıb. Özünün dediyinə görə, əslində, MKİ əməkdaşlarının azyaşlı uşaqları ilə bağlı işə girdiyində heç də bu idarədə karyera qurmaq niyyətində olmayıb. Məqsədi bu işi vasitəsilə universitetdə oxumasını təmin etmək olub, lakin zamanla MKİ-nin daxili işləri onu cəlb edə bilib.

Casusun Ankaradakı verbovkası

Universiteti bitirdikdən sonra Emes MKİ-nin Baş Əməliyyat Şöbəsinin əməkdaşı olub. 1969-cu ildə artıq zabit qismində xidmət məqsədilə Ankaraya göndərilib. Türkiyədə əsas işi SSRİ-nin kəşfiyyat əməkdaşlarını verbovka edərək MKİ ilə tellərini yaratmaq olub. Bəzi iddialara görə, Dəniz Gəzmişin otaq yoldaşı sayəsində kommunist təşkilatına sıza bilib. Qız tələbənin gözünü qorxutduqdan sonra 75 dollar qarşılığında bütün gənc kommunist tələbələr haqqında informasiya əldə edib.

Dəbdəbəli yaşam naminə ABŞ-a xəyanət

Emes 1982-ci ildə həyat yoldaşı Nanci ilə ayrılıb və Rozariya Dupuyla ailə qurub. Rozariya Dupuy Kolumbiyanın Meksikadakı səfirliyində işləyirdi. Ancaq Emes ilə ailə qurduqdan sonra karyerasına son verərək Emeslə birlikdə ABŞ-a gəlib. Bu andan etibarən Rozariya Emesin bütün cinayətlərinə şərik olub. Əslində, Rozariya MKİ zabitinin öz ölkəsinə xəyanət etməsini stimullaşdırıb.

Məhz Rozariyanın lüks yaşam düşkünlüyü səbəbindən Emes maddi çətinliklərlə üzləşməli olub. Xanımının dəbdəbəli həyat sürdürməsi üçün ona böyük pullar lazım idi. Bu səbəbdən Emes 1985-ci ildə SSRİ-nin Vaşinqtondakı səfirliyinə gələrək pul qarşılığında MKİ-nin məxfi informasiyalarını satmağa hazır olduğunu bildirdi. Beləcə, 1985-ci ildən MKİ-nin zabiti və analitiki SSRİ-nin casusu qismində fəaliyyətə başladı.

MKİ-nin SSRİ-dəki caasusları və 4,6 milyon dollar

Bu arada Emes Mərkəzi Kəşfiyyat İdarəsinin Avropa idarəsinin əks-kəşfiyyat şöbəsinə keçirildi. Buradadakı əsas vəzifəsi SSRİ-nin əks-kəşfiyyat fəaliyyətlərinin analizini hazırlamaq idi. Bu vəzifəsi ona imkan verdi ki, SSRİ KQB-si və ordusu içindəki Amerika üçün işləyənlərin sənədlərinə çıxış əldə edə bilsin. Enesin KQB-yə sızdırdığı məxfi informasiyalar səbəbindən 100-ə qədər ABŞ əməliyyatı təhlükə altına düşdü. Eləcə də Mərkəzi Kəşfiyyat İdarəsinin SSRİ-dəki 10 casusu ifşa edildi və KQB tərəfindən öldürüldü.

Yeni vəzifəsində SSRİ-də çalışan ABŞ casuslarının haradasa bütün siyahısını əldə edən Emes bu siyahıda olan agentlərin hamısının adını KQB-yə satdı. Bunun qarşılığında SSRİ kəşfiyyatından 4,6 milyon dollar aldı. Artıq bu maliyyə ilə istənilən MKİ zabiti daha dəbdəbəli həyat tərzi sürdürə bilərdi.

Yalan aparatını aldadan kəşfiyyatçı

Mərkəzi Kəşfiyyat İdarəsinin daxili nizamnaməsinə əsasən, əməkdaşlar istənilən bir vəzifəyə təyin edilən zaman yalan aparatından keçirilir və beləcə yoxlanılırdı. 1986 və 1991-ci ildə Emes iki dəfə yalan aparatından keçdi, lakin şübhə oyatmadı. Çünki Vaşinqtondakı SSRİ kəşfiyyatının rəhbəri ona yalan aparatından necə keçə biləcəyini artıq öyrətmişdi.

Casusun ifşası cəhdləri və KQB-nin əks addımları

Bu arada SSRİ-də olan və bəziləri general rütbəsi daşıyan casusların bir-bir ifşa edilməsi və aradan götürülməsi Mərkəzi Kəşfiyyat İdarəsinin diqqətini cəlb etdi. Bu səbəbdən MKİ öz içində xain olmasından şübhələnərək daxili təhqiqat qrupu yaradaraq araşdırmalara başladı.

SSRİ KQB-si MKİ içində olan casusunun ifşa edilməsinin qarşısını almaq və araşdırmanı başqa səmtə istiqamətləndirmək məqsədilə bir sıra addımlar atdı. Bu addımlardan biri kimi KQB zabitinin ABŞ-a sığınaraq MKİ-də olan xainin adını açıqlamayacağını deməsi oldu. Lakin bu zabit keçmiş KQB əməkdaşı idi və bu dövrdə faktiki olaraq kəşfiyyat işindən kənarda qalmışdı.

KQB-nin Emesin ifşa edilməməsi üçün atdığı digər addım ABŞ-ın Moskvadakı səfirliyinə bir əməkdaşını göndərərək bunu Mərkəzi Kəşfiyyat İdarəsinə bildirməsi oldu. Belə olduğu təqdirdə fövqəladə vəziyyətə keçən MKİ-nin əməkdaşları aylardır Moskvadakı səfirliyi istiamətində sızma olduğunu müəyyən etdi. Beləcə əsas diqqər Emesdən yayındırıldı.

Emesin Roma satqınlığı

Bundan sonra Emes ABŞ-ın Romadakı səfirliyində kəşfiyyat rəhbəri vəzifəsinə keçdi. Burada da vəzifədə olduğu müddətdə ABŞ-ın sirlərini KQB-yə satmaqda davam etdi. Emes artıq vəzifəsini başa vurub Vaşinqtona qayıdanda Berlin divarları sökülmüş, SSRİ-nin dağılma prosesi başlamışdı. Vaşinqtona qayıtdıqdan sonra Emes narkotik və qaçaqmalçılıqla əlaqəli təşkilatın rəhbərliyinə gətirildi.

Araşdırma və etiraflar

Bu ərəfədə Emes və xanımı Dupuy Vaşinqtonda zəngin həyat yaşamını davam etdirir, heç bir MKİ əməkdaşının xərcələyə bilməyəcəyi pullar xərcləyirdi. Məhz bu durum MKİ-də SSRİ-yə informasiya sızdıran xaini ifşa etmək üçün yaradılan araşdırma qrupunun diqqətini çəkdi. Federal Təhqiqatlar Bürosunun daxil olduğu qrup Emesi araşdırmağa və nəzarətə almağa başladı. Xainin Emes olduğu artıq sübutlarla ortaya çıxdı. Emes də bu arada nəzarət altında olduğunu fərq edərək panikaya düşmüşdü. 1994-cü ilin fevralında Rusiyaya edəcəyi səfər uçuşu öncəsi onun ölkəyə qayıtmamaq ehtimalı nəzərə alınaraq casusluq ittihamı ilə həbs olundu. Dindirmə zamanı xanımının daha az müddətə həbs edilməsi və övladlarının ondan alınmaması qarşılığında istintaqla əməkdaşlığa gedərək cinayətlərini etiraf etdi. Emes ömürlük həbs cəzası ilə Pensilvaniyada yerləşən yüksək rütbəli şəxslərin federal həbsxanasına göndərildi. Xanımı Rozariya isə casusluğa yardım və vergi qaçaqmalçılığı ittihamı əsasında 5 il həbs cəzası aldı.

MKİ-də xain araşdırmasını həyata keçirən qrupun rəhbərliyində Sandra Grimes və Jeanna Vertefeuiller dururdu. Bu iki şəxs sonradan Emesin ifşa prosesini və bunun necə ortaya çıxardıqları haqqında kitab yazdılar.

Qeyd edək ki, Ennes bu günə qədər dünyanın ən bahalı casusu statusunu özündə saxlayır. Sonradan onun haqqında ABŞ-da “İçimizdəki xain” adlı film çəkildi.


Müəllif: Cavad