İranın paytaxtı Tehranda və bir sıra digər şəhərlərdə hökumətə qarşı kütləvi etirazlar keçirilib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, İslam inqilabının 40-cı ildönümünə təsadüf edən aksiyalarda dinc etirazçılar İranın dini lideri Əli Xameneyi əleyhinə şüarlar səsləndiriblər.
Tehranın Vəliyi-əsr küçəsində və şəhər teatrı qarşısında toplaşan minlərlə aksiyaçı “Diktatora ölüm” və “İstiqlal, azadlıq, İran Respublikası” şüarları ilə çıxış ediblər.
Əhvaz şəhərinin Şühəda meydanında “Diktatora ölüm” şüarı qışqıran minlərlə etirazçı motosikletçi polis qüvvələrinin hücumuna məruz qalıb. Hazırda həmin meydanın hökumət qüvvələri tərəfindən nəzarətə götürüldüyü bildirilir.
İsfahan şəhərində də etriaz aksiyası keçirilib. Polis qüvvələri dinc aksiyaları dağıtdıqdan sonra şəhərin əsas küçə və meydanlarını nəzarətə alıblar. Hər üç şəhərdə onlarla etirazçının tutulduğu açıqlanıb.
Xatırladaq ki, ay yarım əvvəl İranın 101 şəhərində hakimiyyətə qarşı kütləvi etirazlar keçirilib. Etirazlarda Xameneyiyə, Prezident Həsən Ruhaniyə qarşı şüarlar səsləndirilib, onların hakimiyyətdən getməsi tələb olunub. Etirazlarda ən azı 25 nəfər öldürülüb, onlarla aksiyaçı yaralanıb, 5000-ə yaxın insan həbs edilib.