Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) “soyuq müharibə” illərində hərbi cinayətkar elan olunan SS və Gestapo kəşfiyyatçılarından SSRİ-yə qarşı agent kimi istifadə edib.
Teleqraf.com xəbər verir ki, bir sıra informasiyalar, fakt və şahid ifadələri belə deməyə əsas verir.
Hələ illər əvvəl “Nyu York Tayms” qəzetində çap edilən məqalədə II Dünya müharibəsindən illər sonra MKİ-nin və ABŞ-ın müttəfiqi olan dövlətlərin kəşfiyyatının azı 1000 nəfər Hitler kəşfiyyatçısını “soyuq müharibə” dövründə agent və casus kimi istifadə etdiyi qeyd edilib. 1990-ci ildən sonra isə bəzi nasist kəşfiyyatçılarının ABŞ-da yaşayanlarla əlaqələrini gizlədikləri bəlli olub.
Qeydlərə əsasən, 1950-ci ildə Federal Təhqiqatlar Bürosundan (FTB) Edqar Hoover , kəşfiyyat zabitləri və MKİ-dən Allen Dulles keçmiş nasist kəşfiyyatçısı olaraq işə qəbul edilib və anti-sovet fəaliyyətində onlardan istifadə edilib.
Daha bir sənədə görə, 1994-cü ildə MKİ-nin hüquqşünası bir araşdırma zamanı iddia qaldıranlara təzyiq edərək, Litvada nasistlərin təşkil etdiyi və 10 minlərlə yəhudinin ölümündə cavabdeh olan SS agenti ilə bağlı prosesi dayandırıb.
ABŞ hökumətinin SS agentləri ilə əlaqələrini təsdiq edən faktlar 1970-ci illərdə də ortaya çıxmağa başlayıb.
1980-cı illərdə isə FTB rəsmiləri Ədliyyə Nazirliyinə ABŞ-da yaşayan 16 SS kəşfiyyatçısı haqqında informasiya verməkdən imtina edib.
ABŞ kəşfiyyatının agent kimi istifadə etdiyi bəzi alman zabitləri nasist sistemində yüksək səviyyədə təmsil olunub. Məsələn, SS zabiti olan Otto Von Bolşvinqin yəhudiləri sistematik şəkildə yox etmə planı olan “Son həll”in memarı Adolf Eikmanın köməkçisi olduğu bəllidir.
ABŞ kəşfiyyatı birbaşa və dolayısı yolla çoxlu sayda Hitler kəşfiyyatçısı və Şərqi Avropada hərbi cinayət törədən şəxslərdən, onların əlaqələrindən istifadə edib.
Qəribədir ki, ABŞ-ın agent kimi istifadə etdiyi SS əməkdaşlarının hazırda yaşayıb-yaşamadığı haqqında informasiya yoxdur.
Xatırladaq ki, “Şpigel” dərgisi Alman Kəşfiyyat Xidmətinin (BND) arxivindən çıxan qeydlərə əsasən, NATO-nun II Dünya müharibəsinin ardınca sosializmin yayılmasına mane olmaq məqsədilə nasist zabitlərindən ibarət ordu qurduğu ortaya çıxıb. Qeydlərdən NATO və Alman kəşfiyyatının 2 min nəfərlik SS-in keçmiş zabitlərindən ibarət ordu qurduğu məlum olur.